Sentyabr ayının mədəniyyət bələdçisi – “Culture Guide” çapdan çıxıb

Sentyabr ayının mədəniyyət bələdçisi – “Culture Guide” çapdan çıxıb

Ölkəmizdə hər il gerçəkləşən beynəlxalq incəsənət layihələrinin sırasında musiqi festivalları mühüm yer tutur. Bu baxımdan payızın sənət təqvimi xüsusilə zəngindir. 2009-cu ildən etibarən hər il yeni musiqi mövsümü dahi Üzeyir Hacıbəylinin adı ilə şərəflənən və onun doğum günü - 18 sentyabrda başlanan beynəlxalq festivalla açılır. Bu il sayca 11-ci festival həm müddəti (13 gün) və iştirakçı ölkə sayı (10-dan çox), həm də konsert proqramlarının, digər tədbirlərin bolluğu ilə seçiləcək.

Sentyabr ənənəvi olaraq yeni teatr mövsümümün başlandığı aydır. Teatrlarımız təxminən iki ay sürən yay tətilindən sonra tamaşaçılarla görüşə maraqlı repertuar və premyeralarla gəlirlər. Paytaxtın muzey və sərgi salonları, digər mədəniyyət məkanları da sənətsevərlərə maraqlı layihələr hazırlayıblar. Regionlarımızın da mədəni həyatı da zəngindir. Bütün bunları "Culture Guide" mədəniyyət bələdçisinin yeni çapdan çıxan sentyabr buraxılışında da görmək mümkündür.

Azərbaycanın əcnəbi qonaqlarına ölkəmizin mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti barədə dolğun məlumat vermək, onların ölkəmizlə bağlı təəssüratını yaddaqalan etmək məqsədi daşıyan "Culture Guide" kataloqu hər ay ingilis və rus dillərində hazırlanaraq nəşr olunur.

Mədəniyyət bələdçisinin ənənəvi təqdimat yazısında müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, respublikanızın mədəniyyətlərarası dialoqa töhfələrindən, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.

"Culture Guide"ın yeni buraxılışında ənənəvi olaraq Bakıdakı mədəniyyət müəssisələri haqqında təqdimat-tanıtma səciyyəli informasiyalar, teatr və konsert müəssisələrinin repertuarı, digər mədəniyyət ocaqlarının, qalereyaların, əyləncə məkanlarının bu ay üçün maraqlı tədbirləri diqqətə çatdırılır. Bundan əlavə, hər zaman xarici qonaqları cəlb edən tarixi-mədəni məkanlar - Qobustan qoruğu, İçərişəhər, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlərin ölkəmizdən özləri ilə hansı suvenir və "dadlı xatirələr"i apara biləcəklərinə dair tövsiyələr də nəşrdə yer alıb.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisində hər ay Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin reproduksiyası verilir. Bu dəfə "Culture Guide"ın 1-ci səhifəsində Əməkdar rəssam Rafael Abbasovun "Qızıl payız" tablosu əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31