Rahilə Dövrandan şeirlər
Rahilə Dövrandan şeirlər
29 Avqust 2019 14:55 MədəniyyətRahilə DÖVRAN 1958-ci il fevral ayının 14-də Naxıçıvan Muxtar Respublikasında (Naxçıvan MR) ziyalı ailəsində anadan olub.
2013-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Əcəmi" Nəşriyyatı tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə alınan "Bir insan ömrünə nələr sığarmış" poeması ayrıca kitab kimi işıq üzü görüb. Ümumiyyətlə, "Bir insan ömrünə nələr sığarmış" poeması xronoloji ardıcıllıq və tarixi aspektdən yanaşma baxımından yeni bir mərhələnin başlanğıcını qoyan sənət əsəridir.
"Dövran həmən dövrandır" adlı şeirlər kitabı 2016-cı ildə Naxçıvan şəhərində "Əcəmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 250 səhifə həcmində, 250 tirajla işıq üzü görüb. Kitabın redaktoru şair-publisist Muxtar Qasımzadə, ön sözün müəllifin isə Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, şair Asim Yadigardır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən "Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək" layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən "Kümbet" (Tokat şəhəri), "Usare" (Kahramanmaraş şəhəri), "Kardelen" (Bilecik şəhəri), "Hece Taşları" (Kahramanmaraş şəhəri) dərgilərində Anadolu və Osmanlı türkcələrində yayınlanaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Qızıl qələm" media mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəridir.
Görkəmli və istedadlı Azərbaycan şairəsi Rahilə xanım Dövran 2019-cu ilin avqust ayının 16-da ömrünün çiçəklənən dövründə Haqq qovuşub.
YOLLAR
"Ömürdən-gündən" - silsiləsindən
Beşikdən qəbrədək bir məsafədir,
Insanın ömrünə uzanan yollar.
Hər yol bir nağıldır, bir əfsanədir,
Ömrün hər anına, uzanan yollar.
Yollar var keçilməz, kəsəkli, daşlı,
Yollar var qaranlıq, dava-dalaşlı.
Bəzən yol gedərlər gözləri yaşlı,
Ömrün hər anına, uzanan yollar.
Istəyə, arzuya zinət, yaraşıq,
Hər səyyah çıxdığı yoluna aşiq.
Ərəb saçı kimi olar dolaşıq,
Ömrün hər anına, uzanan yollar.
Baxılmaz yolların çınqıl, daşına,
Əzm edib çatarlar mənzil başına.
Yolçular qovuşar, dost-sirdaşına,
Ömrün hər anına, uzanan yollar.
Bir ucu vətəndir, bir ucu qürbət,
Bir ucda şəhərdir, digərində kənd.
Bəzən acı olar, bəzən şəkər, qənd,
Ömrün hər anına, uzanan yollar.
Çoxda ki, tufandır, dumandır, qardır,
Hər kəsin həyatda öz yolu vardır.
Dövrana hər yolda Allahı yardır,
Ömrün hər anına, uzanan yollar.
ZƏMANƏ MƏNİ
"Ömürdən-gündən silsiləsindən
Ömrümdə bir tikə haram yemədim,
Fitnədən ,riyadan libas geymədim.
Ağ rəngə heç zaman qara demədim,
Səpsə də vaxt,zaman saçıma dəni-
Dəyişə bilmədi zəmanə məni.
Əyrilər kök salıb zalım dünyada,
Düzlərin qsməti dərd,bəla,qada.
Tamaha qul olub etmədim xəta,
Uddum qətrə- qətrə qüssəni,qəmi-
Dəyişə bilmədi zəmanə məni.
Çox yağdı gurşadlar, qapandı çatlar,
Həmzəni gəzdirir indi "Qırat"lar.
Düzünü yazmasam ürəyim partlar,
Qara tufanlara gərdim sinəmi-
Dəyişə bilmədi zəmanə məni.
Qızılgül yerində qanqal bitsə də,
Qarğalar bülbültək dil- dil ötsə də,
Bütün ayıbları pul, var örtsə də,
Mən düşmən bildim hey haram yeyəni-
Dəyişə bilmədi zəmanə məni.
Dövran,- yaşam olar, bəzən dözülməz,
Həqiqət incələr, amma üzülməz.
Haqqa könül verən ümidlər ölməz,
Yaşadım bir ömür Rəbbim verəni-
Dəyişə bilmədi zəmanə məni.
AĞDAMSIZ GÜNLƏRİM
AĞDAMIN İŞĞALINDAN - 26 İL KEÇİR...
Hər gün ömür kitabımdan,
Vərəq qopar yurda həsrət.
Bir şairəm, mən bağrıqan,
Doğma yurdum, olub qürbət.
Yazılmasın ömrə, günə,
Qoy Ağdamsız keçən günlər.
Həsrət qaldıq toy- düyünə,
Kolundaca, soldu güllər.
Qəlb nisgilli, gözlər yolda,
Qan ağlayır səbr, dözüm.
Millət perik, el nə halda?
Qoşa çeşmə, iki gözüm.
Vətənində yurdsuz qalan,
Elim, günüm, obam- hey, hey!
Torpağında yad, yurd salan,
Gorda dustaq, babam- hey, hey!
Heç bir röyam, heç bir yuxum,
Canım,- Ağdamsız olmayır.
Damaq dadım, iyim, qoxum,
Anım,-Ağdamsız olmayır.
Çarəsizəm, baş əyirəm,
Önündə mən dərd, qəhərin.
Intizarla gözləyirəm,
Sədasını son zəfərin...
YETƏR İÇDİ İSLAM QANIN İSRAİL
"Düşüncələrim" - silsiləsindən
Haram olub deyib- gülmək, çal-çağır,
Xalq pərişan, uşaq-qoca qanbağır.
Fələstinə bomba yağır, od yağır,
Yenə içir islam qanın İsrail.
Pak adları günahkartək hallanır,
Qəzzə səhri raketlərlə şumlanır.
Gavur oğlu insaf- mürvət nə qanır?
Yenə içir islam qanın İsrail.
Tanınmayır bəlli olan sərhədlər,
Qanda üzür həm şəhərlər, həm kəndlər.
Qüsullanır öz qanında cəsədlər,
Yenə içir islam qanın İsrail.
Körpə, ahıl, cavan qanı- al lala,
Nə ev qalıb, nə bir qəsr, nə qala.
Niyə susur, görən dünya bu hala?
Yenə içir islam qanın İsrail.
Yersiz gəlib yerli qaçsın hayana?
Pak torpaqlar qalıb halay pozana.
Gözəl Qüds həsrət qalıb azana,
Yenə içir islam qanın İsrail.
Allah versin qan tökənin cəzasın,
Əhli - islam etsin cihad qəzasın.
Dövran, görək Haqqın- haqlı qisasın,
Yetər, içdi islam qanın İsrail!.
HƏLƏ VAXT VAR DEYƏN KƏSİN
"Ömürdən- gündən" - silsiləsindən
Hələ vaxt var deyən kəsin,
Dünya çox çəkdi nazını.
Fələk qəfil kəsdi səsin,
Dünən qıldıq namazını.
Inanmırdı Haqq yazana,
Rişxənd edərdi azana.
Çırpınırdı çox qazana,
Itirdi çoxdan azını.
Tamah hissi alovlandı,
Gah itirdi, gah qazandı.
Imanını, dini dandı,
Kəsdi nəzir, niyazını.
Qafil idi, yazıq nadan,
Enməzdi göydən, fəzadan.
Qorxmazdı qədər, qəzadan,
Əcəl sıxdı boğazını.
Nə görmüşdü pulda, varda?
Qazandığı qaldı burda.
Görən necə yatır gorda?
Bilmir dərin, dayazını.
Dövran, düşün, daşın sən də,
Şeir yazıb, söz deyəndə.
Az yesən də, çox yesən də,
Yazan yazıb, son yazını...
XATIRLA MƏNİ
/"Könül dəftərim" - silsiləsindən/
Kor olsun talenin, qismətin gözü.
Görən necə qıydı, ayırdı bizi.
Baxma ki, "soyuqdur torpağın üzü",
Hər nəfəs alanda, xatırla mənı.
Hər axşam al günəş qürub edəndə,
Hər payız durnalar köçüb gedəndə.
Hər kədər, hər qüssə, qəlbə yetəndə,
Hicranda qalanda, xatırla məni.
Gecələr təklikdən yuxun qaçanda,
Səhər pəncərəndən şəfəq saçanda.
İlk bahar yasəmən, nərgiz açanda,
Payızda solanda, xatırla məni.
Axşam ay çıxanda, ulduz doğanda,
Həsrət güc gələndə, qəhər boğanda,
Şimşəklər çaxanda, yağış yağanda,
Buludlar dolanda, xatırla məni.
Soyuq otağımda tənha qalanda,
Gözlərin şəklimə baxıb dolanda.
Xəyal, xatirələr saçın yolanda,
Sübh, əzan olanda, xatırla məni.
Qəmimi çatdırsın dağların mehi,
Qüssəmi anlatsın lalənin şehi.
Həsrətim şeirimin bəhri, təşbehi,
Yadına salanda, xatırla məni.
Hərdən sevənləri qoşa görəndə,
Saça taxmaq üçün çiçək dərəndə.
Çobanyastığından çələng hörəndə,
Xəyala dalanda, xatırla məni.
Xatırla Dövranı, yaşat bu gün də,
Siması dayansın hey göz önündə.
Hər bir ziyafətdə, toyda, düyündə,
"Vağzalı" çalanda, xatırla məni...
- BU GÜN ŞUŞANIN İŞĞALI GÜNÜDÜR -
BÜLBÜLÜM
Bu qədər ağlayıb qəlbimi oyma,
Sevda xiffətindən solan bülbülüm.
Elini şeydaya intizar qoyma,
Gözləri həsrətdən, dolan bülbülüm.
Nə vaxtdan Şuşaya güzar salmayan,
Xarı bülbülünün könlün almayan.
Gülxarsız gecəsi- gündüz olmayan,
Yuvası viranə, qalan bülbülüm.
Qonşu namərd oldu, kəsdi yolları,
Arxadan oxladı, mərd oğulları.
Unutdun dastanı, ər nağılların,
Uydun bayatıya, nalan bülbülüm.
Dağ belə dağ olmaz, dumansız, çənsiz,
Söylə, ruh neyləsin cansız, bədənsiz.
Neçə yaz açıbdır, Gülxarın sənsiz,
Əhdinə vəfası, yalan bülbülüm.
Güman var vüsala, bitəcək hicran,
Bizə də güləcək Yaradan, Mövlan.
Sizi cüt, qol- qola görəcək Dövran,
Gücünü eşqindən, alan bülbülüm.
HAQQIN DƏRGAHI
"Düşünçələrim" - silsiləsindən
Hər məzar bir qapı, Haqq dünyasına,
Torpaq qapılara qıfıl, baş daşı.
Buradan keçərlər can bahasına,
O an başa çatar bir ömrün yaşı.
Başlanar əbədi axirət yolu,
Əməli bələdçi olar insana.
Olarlar səssizcə imanın qulu,
Məhşər xofu düşər, burda hər cana.
Haqqdan uzaq düşən bənizlər solar,
Tutqun bulud kimi üzləri gülməz.
Hamı bir geyimdə, bərabər olar,
Kimsə bir kimsəyə hökm edə bilməz.
Sirat üstün açar suçun, günahın,
Tük qədər vəbal da gözdən yayılmaz.
Sözü keçməz bəyin, xaqanın, şahın,
Ruha sahib çıxar ibadət, namaz.
Əməli salihlər hüzur taparlar,
Gəzərlər İrəmdə qumrular kimi.
İmanlı ruhları zöhrətək parlar,
Olarlar ey Dövran, behişt sakini.