“Yaradıcı insanı ruhlandırmaq lazımdır, onun ruhunu sındırmaq yox” – Zəkiyyə Mahmudova 

Son illər  Azərbaycanda vizual sənətin sərgiləndiyi fiziki məkandan - qalereyalardan - getdikcə daha çox insanın sosial şəbəkələrdə sənətlə təmasda olması tendensiyası müşahidə olunur. Müxtəlif sərgilər keçirilsə də, ziyarətçi sayı nisbətən az qalır. Paralel olaraq, eyni rəssamların əsərləri sosial mediada - xüsusilə Instagram və Pinterest kimi platformalarda - minlərlə bəyənmə və paylaşım toplayır. Bu tendensiya vacib bir sualı gündəmə gətirir: Azərbaycan vizual sənətinin auditoriyası artıq tam şəkildə virtual məkana keçibmi? Və bu keçid sənətin özü üçün hansı nəticələrə səbəb olur?

Ənənəvi qalereyalar sənətin fiziki olaraq nümayiş olunduğu, sənətsevərlərin əsərlə birbaşa təmas qura bildiyi mühüm məkandır. Qalereyada tamaşaçının əsərlə qarşılaşması, işığın, ölçünün, materialın təsiri ilə birgə formalaşır. Bu qarşılıqlı əlaqə isə sənətin qavranılma formasına təsir edir. Lakin sosial şəbəkələrdə vizual sənət fərqli formatda təqdim olunur. Əsərlər kiçik ekranlarda, tez-tez səssiz və təsadüfi baxışlarla qarşılanır. Bu, vizual sənətin mahiyyətinə yeni bir təcrübə qatır - əsərin emosional və texniki təfərrüatları ekranda olduğu qədər ötəri şəkildə qavranılır. Bütün bunlar sənətlə əlaqənin daha sürətli, lakin bəlkə də daha səthi formaya keçdiyini göstərir. Sosial mediada rəssamların izləyici auditoriyası sürətlə artır. Bu isə yaradıcılığa yeni bir presedent yaradır: Sənət artıq yalnız ifadə vasitəsi deyil, həm də vizual trendin bir hissəsidir. Instagram-da daha çox bəyənmə toplayan rənglər, kompozisiyalar və hətta mövzular bir çox rəssamların üslub və yanaşmasında dəyişikliklərə səbəb ola bilir. Bəzi rəssamlar etiraf edirlər ki, sosial şəbəkələrdə daha çox izləyici qazanmaq üçün əsərlərini "algoritmə uyğunlaşdırmaq" məcburiyyətində qalırlar. Bu isə bəzən sənətin mahiyyətinə - səmimiyyətinə, eksperimentallığına və dərinliyinə təsir edə bilir. Beləliklə, sənət əsəri bəzən öz funksiyasından uzaqlaşaraq, sosial təsir və tanınma vasitəsinə çevrilir. Digər tərəfdən, virtual məkan sənətə daha geniş auditoriya qazandırır. Əvvəllər yalnız sərgilərə gedən azsaylı sənətsevərlər tərəfindən görünə bilən əsərlər, indi dünyanın istənilən yerindəki insanlara çatır. Bu, həm də gənc və tanınmamış rəssamlar üçün böyük fürsət yaradır. Onlar sərgi xərcləri olmadan əsərlərini tanıda, sifarişlər və əməkdaşlıqlar əldə edə bilirlər. Virtual məkanda rəssamlar artıq yalnız əsərlərlə yox, həm də öz şəxsiyyətləri ilə tanınırlar. Onların sənət prosesini göstərməsi, yaradıcılıq hekayələrini paylaşması izləyicilər üçün sənətə daha yaxınlaşma imkanı yaradır. Bu isə sənəti demokratikləşdirir, onu "yalnız elitaya xas" sahə olmaqdan çıxarır. Ancaq bu, sənətin təhrif olunma riskini də artırır. Ekranda görünən hər bir görüntü bir filtrdən, bəzən isə manipulyasiyadan keçir. Əsərin ölçüsü, materialı, fakturası kimi detallar tam şəkildə hiss oluna bilmir. Bu isə sənətin "əslini" yalnız qalereyada görmək imkanını daha da qiymətli edir.

Əsərlərin virtual məkanda daha çox izlənməsi rəssamların yaradıcılıq yanaşmasına və mövzu seçimlərinə təsir göstərirmi?

"Bəli, bu, yaradıcı fəaliyyətimizə  təəssüf ki, mənfi baxımdan böyük təsir göstərir. Biz istərdik ki, əlbəttə, sərgi salonlarımızda əsərlərimiz nümayiş etdirilsin, daha çox tamaşaçı gəlib baxsın, fikir və rəylərini bildirsin. Lakin bu gün yaradıcı insanlara, xüsusilə rəssamlara münasibət çox zəifdir - demək olar ki, hörmət qalmayıb".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının  geyim rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar mədəniyyət işçisi Zəkiyyə Mahmudova bildirib:

"Sərgi keçirmək üçün müraciət etdikdə, ilk növbədə yerin icarə haqqını tələb edirlər. Halbuki mən Rəssamlar İttifaqının üzvüyəm, Azərbaycanın Əməkdar İncəsənət Xadimiyəm. Müxtəlif medal, orden, diplom və təşəkkürnamələrlə təltif olunmuşam. Belə bir insan üçün bu cür münasibət olmamalıdır.

Bu il yubileyimi doğulduğum kənddə qeyd etdik. Bəzi əsərlərimi oraya apardım və Mədəniyyət Evində sərgilədik. Həmin tədbirin təşkilatçıları - icra hakimiyyətinin nümayəndələri və Mədəniyyət Evinin rəhbərliyi, xüsusilə də müdürə Arzu xanımın dəstəyi ilə tədbir çox yüksək səviyyədə keçdi. Hətta Namiq Zeynalovun vasitəsilə, Türk kanallarında mənim haqqımda süjet yayımlandı. Orada sərgimə yer verildi, haqqımda danışıldı. Doğrusu, buna çox sevindim. Çünki yaradıcı insanı ruhlandırmaq lazımdır, onun ruhunu sındırmaq yox. Müraciət edirsən, sərgi keçirmək istəyirsən, sənədləri alıb qol çəkirlər, amma sonra aylarla cavab yoxdur. Belə olanda rəssam da ruhdan düşür".

Həmçinin rəssam qeyd edib ki, Azərbaycan animasiyası zəif inkişaf etdiyindən uşaqlar daha çox xarici cizgi filmlərinə üstünlük verirlər.

"Bu yaxınlarda gözəl xanımımız Leyla Əliyeva ilə görüşümüz oldu. Mən animasiya üzrə rəssamam. Görüş zamanı xahiş etdim ki, gələcəkdə uşaqlarımız Azərbaycan animasiya filmlərinə daha çox baxsınlar. Bu, onların dünyagörüşünü genişləndirər. Çünki indi uşaqlar daha çox rus və xarici cizgi filmlərinə baxırlar. Nə üçün? Çünki bizdə bu sahə çox zəif inkişaf edib. Yeni animasiya filmləri çəkilmir. Hələ də sovet dövründən qalan filmlərə baxılır".

Azərbaycanda vizual sənətin auditoriyası getdikcə daha çox virtual məkana yönəlsə də, bu keçid nə fiziki sərgiləri, nə də klassik sənət baxışını tamamilə əvəz etmir. Əksinə, bu iki məkana paralel yanaşma - həm virtual, həm də fiziki mövcudluq - gələcəkdə sənətin daha geniş yayılmasına və təcrübəsinin zənginləşməsinə səbəb ola bilər. Bu səbəbdən, sosial şəbəkələr sənəti kütləviləşdirə və daha çox insana yaxınlaşdıra bilsə də, onun mahiyyətini qorumaq və dəyərini azaltmamaq üçün rəssamlar, qalereyalar və sənətsevərlər arasında balanslı yanaşma vacibdir. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31