Sosial şəbəkələrdə ölən dilimiz- necə xilas edək?

Sevinc Əliyeva: "Biz doğru düşünürüksə və səlis danışmağımızla nümunə olmağı bacarmaq istəyiriksə, təfəkkürümüzün məhsulunu dəqiq çatdırmalıyıq"

Son illərdə sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hər kəs oradadır - yazır, paylaşır, fikrini bildirir. Lakin bu sərbəstlik bəzən dilin keyfiyyətinə mənfi təsir edir.  Ədəbi dil gündəlik ünsiyyətdən uzaqlaşır, sözlər təhrif olunur, cümlələr dağılır və ifadə tərzi daha sərt və kobud olur.

Maraqlıdır ki, sosial şəbəkələrdə ədəbi dil niyə və necə unudulur?

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva ilə bu mövzu haqqında danışdıq.

- Sosial şəbəkələrdə yazışmalarda ədəbi dilin normalarının pozulması artıq normal hala çevrilib. Bu prosesi necə izah edərdiniz?

- Bugün mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan əksər  mövzular bayağı mövzulardır. Hətta televiziya verlişlərinin bir qismində də ailə-məişət problemləri- insanların bir qismini maraqlandıran mövzular, demək olarki, gündəmi zəbt edib. Söhbət bayağı mövzulardan gedirsə ,təbii ki , orada hansı normalardan danışmaq olar?  Ədəbi dil normalarnın düzgün tətbiqi istər yazıda, istərsə də nitqdə çox ciddi məsələdir. Bu məsələyə daha ciddi mövzularda riayət olunur. Bayağı mövzularda dil normalarını qorumağın əhəmiyyəti olacaqmı? Bu tip gündəmi zəbt edən bayağı mövzularda heç bir milli-mənəvi dəyərlərdən,o cümlədən düzgün nitqdən danışmaq mümkün deyil. Gənc nəslin vətənpərvər ruhda, azərbaycançılıq ideologiyası ilə böyüməsi üçün çox az mövzular var ki, gündəmdədir. Mən pedaqoqlarımıza, jurnalistlərimizə, ziyalılarımıza  təşəkkür edirəm ki, o mövzuları qoruyub saxlayırlar. Təəssüf edirəm ki, bəzi "jurnalistlər" hesab edirlər ki, gündəmi zəbt etmək üçün  bayağı mövzuları müzakirə etmək lazımdır.Orada da dil normaları,təbii ki, pozulur.

-Təkcə sosial şəbəkələrdə deyil, televiziya və radioda da aparıcıların və jurnalistlərin dilində olan danışıq tərzi dilin saflaşmasına yoxsa korlanmasına xidmət edir?

- Dilimiz çox gözəldir, qrammatik qayda və qanunları sabitdir, dəyişməzdir, lakin yanaşmalar fərqlidir. Təsəvvür edin ki, televiziyalarımızda çox az sayda verilişlər var ki,  insan baxanda ruhən dincəlir, zövq alır, böyüyən nəslə  müəyyən töhfələr verir. Biz bu verilişlərə baxanda sevinirik ki, məhz o cür verilişlər cəmiyyətə müsbət təsir edə bilir.

Bəzi aparıcılar Azərbaycan dilində səlis danışa bilmirlər. Bəziləri isə bilərəkdən digər dillərin yanlış və arzuolunmaz ifadələrini dilimizə gətirirlər. Əsrlər boyu  dilimizə ərəb və fars , rus və digər dillərin təsiri olub.  Bizim liderlərimiz, ziyalılarımız və müəllimlərimiz həmişə dilin keşiyində dayanmış, zəngin və gözəl dilimizi bu təsirlərdən qoruya bilmişlər. Hazırda isə dilimizə türk dilinin geniş təsirini görürük və təəssüflənirik. Bütün dillər gözəldir,çox dil bilmək çox da faydalıdır. Arzu edirik ki, gənclərimiz bir çox dillərdə sərbəst danışmağı bacarsınlar. Amma heç bir başqa dil öz dilimizə qarışmasın və təsir etməsin.

Azərbaycan Respublikasının Prezidenti, Dövlət Dil Komissiyasının sədri Cənab İlham Əliyevin vurğuladığı kimi, dilimizdə qarşılığı ola-ola lüzumsuz alınmalara ehtiyac yoxdur. Yersiz alınmalar nitqi də ağırlaşdırır.

Bundan daha çox istifadə edənlər isə televiziya və radio aparıcılarıdırlar ki, məhz onlar dilimizin başlıca təbliğatçılarıdır. Onlar "sehrli qutudan" birbaşa insanların təfəkkürünə təsir edirlər.

Məktəblərdə isə müəllimlərimiz dialekt tələffüzündə danışmamalıdırlar,bu,yanlış və arzuolunmazdır. Dialektlərimiz çox gözəldir,zəngindir. Amma dərsi düzgün ədəbi dildə tədris etmək vacib və mütləqdir.Hər bir müəllim şagirdə gələcəyin natiqi kimi yanaşmalıdır.  Məktəb dərsliklərində də qüsur və çatışmazlıqlar çoxdur. Azərbaycan dilinin qrammatik qaydaları tərcümə olunan mətnlər üzərində izah edilir. Niyə tərcümə mətnləri dərsliklərimizin əsasını təşkil edir? Niyə şagirdlər qrammatik qaydalarımızı öz ədəbiyyat nümunələrimizlə öyrənməsinlər?

Sosial şəbəkələrdə istənilən mövzunun quruluşu bizi maraqlandırır. İndi hər kəs sosial şəbəkələrdən istifadə edir. Orada da biz ədəbi dilin qaydalarına riayət etməliyik,"ok" "tamam" "tşk"  kimi qısaltmalardan istifadə etməməliyik. Bu səhvləri yerindəcə düzəltməli ,düzgün yazmağa vərdiş etməliyik.

- Təhsil sistemimiz bu məsələ ilə mübarizədə yetərincə aktivdirmi?

- Deyil. Bizim dərsliklərimiz Azərbaycan dilini yetərincə təbliğ edə bilmir. Dilimizin tədrisi üçün mükəmməl dərsliklərlə ehtiyac vardır. Bəzi müəllimlər bu boşluğu aradan qaldıra bilir, bəziləri isə əksinə, düzgün olmayan nitqləri ilə daha da dərinləşdirir.  Dublyaj sahəsində də problemlər çoxdur. Tərcümə olunan və tərcümə edilən dilləri mükəmməl bilmədən uğurlu dublyaj materialını ortaya qoymaq mümkün deyil.

-Sizcə, bu vəziyyət Azərbaycan dilinin gələcəyinə necə təsir göstərə bilər?

-  Azərbaycan dili əsrlər boyu xilafətin dili olan ərəb dilinə,  poeziya dili olan fars dilinə, həmçinin rus  və digər dillərə qalib gəlib. Ulu öndər, Azərbaycan dilində fəxrlə,qürurla və mükəmməl danışan,zəngin və səlis nitqləri ilə hamımıza örnək olan ümummilli lider Heydər Əliyevin təbirilə desək, "xalqı xalq edən,milləti millət edən onun ana dilidir".

Hər şey özümüzdən başlayır və asılıdır. Dilimizi indi necə qoruyuruqsa, gələcək nəsillərə də elə ötürmüş olacağıq. Qoy gələcək nəsillər deməsinlər ki,"siz o boşluğu etməsəydiniz, biz doğma dilimizi daha yaxşı mənimsəyərdik və daha yaxşı qorumağı bacarardıq". Dilimizdə bütün düşüncələrimizi ifadə etmək üçün kifayət qədər söz və ifadə var. Qrammatikamız sabit, dəyişməzdir.Niyə biz bu qaydalara əməl etməyək? Deməli ,hər şey özümüzdən başlayır. Bu gün mən yazımda "ok" yazmayıb, "bəli,oldu və s."yazsam, deməli mən ətrafımdakılara da müsbət təsir etmiş olaram. Biz öz peşəmizlə, peşəmizə olan sevgi və ehtiramımızla nümunə olmağı bacarmalıyıq.

-Sosial media dili ilə ədəbi dil arasında balans yaratmaq mümkündürmü

-Əlbəttə mümkündür. Hazırda universitetlərin jurnalistika fakültələri var. Məsələn , Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi universiteti bitirir və gələcəkdə televiziya, radio aparıcısı olmaq  və ya peşəkar jurnalist olmaq istəyir. O ədəbi dili necə mənimsəyibsə, eşitdiyi informasiyanı o tərzdə də oxucusuna ötürəcək,  öz verilişində qaldıracağı problemi tamaşaçıya düzgün çatdıracaq və s. Jurnalistlər və tələbələr  bilməlidirlər ki, doğma dilimizi nə qədər dərindən bilsələr və nə qədər çox mütaliə etsələr, bir o qədər yaxşı və peşəkar jurnalist olacaqlar.

-Sizcə, dilin bu şəkildə dəyişməsi təbii təkamüldür, yoxsa süni pozulmadır?

-Bu süni pozulmadır. Bəzən aparcı düşünür ki, başqa dillərdən öz nitqində yerli-yersiz istifadə etmək təfəkkürün nəticəsidir. Təəssüf ki, bu, təfəkkür göstəricisi deyil. Biz doğru düşünürüksə, səlis danışmağımızla nümunə olmağı bacarmaq istəyiriksə, təfəkkürümüzün məhsulunu dəqiq çatdırmalıyıq.

-Ədəbi dili qorumaq üçün fərd və cəmiyyət olaraq hansı addımları atmalıyıq?

-Ədəbi dili qorumaq üçün ilk növbədə dilin normalarını bilməyik. Sözün düzgün yazılışını və tələffüzünü bilməli,məzmununa uyğun sözün düzgün seçilməsi,cümlələrdə söz sırası və s. kimi məsələlərdə səhv etməməliyik. Həm dilimizin qrammatikasını bilməli, həm də mütləq şəkildə mütailə etməliyik. Zəngin söz ehtiyatımız olmasa,təbii ki, yaxşı danışa bilməyəcəyik.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31