Azərbaycanlı alimin kitabı Özbəkistanda təqdim olunacaq

Azərbaycanlı alimin kitabı Özbəkistanda təqdim olunacaq

Avqustun 20-də Daşkəndin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Qulamhüseyn Əliyevin "Ozarbayjon - O`zbek adabiy aloqalari" (1920-1960-yillar) kitabının təqdimatı olacaq.Bu barədə Olaylar.az-a  Mərkəzin mətbuat xidməti məlumat yayıb. Azərbaycanla Özbəkistan arasındakı mədəni əlaqələrin tarixi çox dərindir. Azərbaycan-Özbəkistan ədəbi əlaqələri öz başlanğıcını dahi Nizami Gəncəvi və Əlişir Nəvai zamanından götürür. Müstəqillik qazanandan sonra bizim xalqlarımız və ölkələrimiz arasında ədəbi-mədəni əlaqələr daha da möhkəmlənməkdədir. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi yanında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə bir neçə kitab özbək dilinə tərcümə edilib və onların arasında "Ozarbayjon - O'zbek adabiy aloqalari" (1920 - 1960-yillar) kitabı da var. Kitab özbək dilinə yazıçı, tərcüməçi Usman Kuçkar tərəfindən tərcümə edilib. Tədqiqat əsəri olan kitabda 1920-1960-cı illəri əhatə edən Azərbaycan-Özbəkistan ədəbi əlaqələri əks olunub. Qeyd edək ki, bu mövzu ilk dəfədir ki, tədqiqat işi kimi araşdırılıb. Azərbaycanlı alim Qulamhüseyn Əliyevin oxucuların diqqətinə təqdim edilən "Ozarbayjon - O'zbek adabiy aloqalari" (1920 - 1960-yillar) monoqrafiyası tədqiq edilən dövrün tarixi, ədəbi və hadisə faktları ilə zəngindir. Mövzu məhz Qulamhüseyn Əliyev tərəfindən Azərbaycan və Özbəkistan ədəbiyyatşünaslığı tarixində hərtərəfli nəzərdən keçirilib və elmi-nəzəri şəkildə sistemləşdirilib. Müəllif bir neçə dəfə Səmərqənddə, Buxarada işgüzar səfərdə olmuş, bir müddət Daşkənddə yaşamış və özbək dilini elə bir səviyyədə bilirmiş ki, iki xalqın ədəbiyyatı və dili arasında paralellər aparmağın öhdəsindən gəlirmiş. Bu barədə o, öz monoqrafiyasında qeyd edib. Kitab nəinki ötən əsrin 20-ci 60-cı illərini, həm də klassik dövrü əhatə edir. Təqdimat mərasimində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Daşkənd Dövlət Universitetinin dosenti Gülbaxor Aşurova, Özbəkistan Elmlər  Akademiyası yanında Elmi Kitabxananın direktoru Zuxra Berdiyeva, filologiya elmləri namizədi, ədəbiyyatşünas, tərcüməçi Babaxan Şərif, tərcüməçi Şahlo Qasımova, Özbəkistan ədəbi ictimaiyyətinin görkəmli nümayəndələri, Özbəkistan Yazıçılar Birliyinin üzvləri və digər elm və ədəbiyyat xadimləri, həmçinin kitabın müəllifi Qulamhüseyn Əliyevin qızı fəlsəfə doktoru, "Mədəniyyıt.AZ" jurnalının baş redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva da iştirak edəcəklər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31