Firəngiz Əlizadənin yeni əsəri ilk dəfə Los Ancelesdə səsləndi

Firəngiz Əlizadənin yeni əsəri ilk dəfə Los Ancelesdə səsləndi

Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi "Harmoniya" adlı yeni əsərin dünya premyerası ABŞ-ın Los Anceles şəhərində yerləşən "Walt Disney Concert Hall"-da gerçəkləşdirilib. 

Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə əsər məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış "iPalpiti" Kamera Orkestri tərəfindən ifa olunub. F.Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.

22 ölkəni təmsil edən və bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş gənc musiqiçilərdən ibarət "iPalpiti" Kamera Orkestrinin tərkibinə azərbaycanlı skripka ustası Azər Dəmirov da daxildir.

Konsertdə 2 mindən çox los ancelesli klassik musiqisevərlər, o cümlədən tanınmış incəsənət xadimləri və musiqişünaslar, müxtəlif icmaların nümayənədələri və jurnalistlər iştirak ediblər. Konsert ərəfəsində bir sıra ABŞ mətbu orqanlarında, o cümlədən "Los Angeles Times" qəzetində F.Əlizadənin əsərinin premyerası haqda məqalələr dərc olunub.

Qeyd edək ki, Kaliforniyaya səfəri müddətində F.Əlizadə həmçinin Beverli Hills şəhər meriyasının binasında iyulun 18-də gənc amerikalı bəstəkarlara master-klass verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31