I Respublika Sənətkarlıq Festivalı keçiriləcək

I Respublika Sənətkarlıq Festivalı keçiriləcək

3-7 iyul tarixində ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcəkdir. Olaylar.az bildirir ki, festival UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalın tərəfdaşları "I Love Baku" şəbəkəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyasının "Azəripək" MMC-si, Səbail Rayon İcra Hakimiyyəti, "ABAD", Yasamal Rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, Türbət Mədəniyyət Mərkəzi və "Libraff" mağazalar şəbəkəsidir.

Festivalda respublikamızın paytaxt və regionlardan olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilmişdir. Festival beynəlxalq təcrübə nəzərə alınaraq, insanların daha rahat gəlmələri üçün açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda Nizami küçəsində təşkil ediləcəkdir. Tədbir festival-yarmarka və karnaval formasında keçiriləcək. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı örtüklü, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılacaqdır. Tədbirdə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilmişdir. Tədbirin keçiriləcəyi ərazidə informasiya-məlumat mərkəzləri yaradılacaqdır.

Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival günlərində - hər gün saat 19:30-20:30 arası konsert proqramı təşkil olunacaqdır. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına köməklik göstəriləcəkdir.

Qeyd edirik ki, I Respublika Sənətkarlıq Festivalının açılış mərasimi  iyulun 3, saat 19:00-da baş tutacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31