Muzeydə “Narkomaniya – bəşəriyyətin bəlası” adlı rəsm sərgisi
Aprelin 16-da Azərbaycan İstiqlal Muzeyində Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Narkomaniya – bəşəriyyətin bəlası” adlı sərginin açılışı oldu. Olaylar.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən video-çarxa baxdılar.
16 Aprel 2019 17:10 MədəniyyətAprelin 16-da Azərbaycan İstiqlal Muzeyində Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində "Narkomaniya - bəşəriyyətin bəlası" adlı sərginin açılışı oldu. Olaylar.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən video-çarxa baxdılar.
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbirin əhəmiyyətindən söz açdı. Bildirdi ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Dünyada olduğu kimi, ölkəmizdə də bu dövriyyəni həyata keçirən mütəşəkkil qruplara qarşı hər gün mübarizə aparılır. Direktor qeyd etdi ki, narkomaniya ilə mübarizə məqsədilə İstiqlal Muzeyi tərəfindən maarifləndirici tədbirlər keçirilib, sərgilər təşkil olunub.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov bildirdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra narkomaniya probleminə qarşı mübarizədə yeni mərhələ başlayıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək tədbirin önəmindən danışdılar, narkomaniyaya qarşı mübarizənin vacibliyini vurğuladılar.
Sərgi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı "Ağ ölüm" səhnə əsərindən monoloq təqdim olundu.
Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular. Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının, Qərbi Kaspi Universiteti tələbələrinin və digər gənc rəssamların narkomaniya problemini əks etdirən 30-dək sənət əsəri nümayiş etdirilir.
Sərgi aprelin 18-dək ziyarətçilər üçün açıq olacaq.