Muğam Mərkəzində Nəsiminin 650 illiyi - “Cahan mənəm...”
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Muğam sənəti” kafedrası hazırladığı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Cahan mənəm...” adlı bədii musiqili tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində baş tutub.
11 Aprel 2019 15:04 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin "Muğam sənəti" kafedrası hazırladığı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Cahan mənəm..." adlı bədii musiqili tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində baş tutub.
Gecədə ADMİU-nun "Musiqi sənəti" fakultəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərmin Qaralova çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsini Nəsimi yaradıcılığına verilən yüksək dəyər kimi qiymətləndirərək, bunun ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.
Tədbirdə Xalq artisti Teyyub Aslanov, "Solo oxu" ixtisasının tələbələri - Məftun Səfərli, Ramil Hümbətli, Rəvan Qaçayev, Vüqar Əbilovun ifasında "Nəsimi" bədii filmindən "Qafil oyan" dərviş mahnısı, "Eylədi" mahnısı (musiqi: Emin Sabitoğlu), "Şur təsnifi" (musiqi: E.Haşımov, A.Yusubov), "Segah" təsnifi (musiqi: A.Abdullayev) və "Səmayi-şəms" ritmik muğamları səsləndi.
Konsertdə ifaçıları Əməkdar artist Əliağa Sədiyev (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Vüsal Qasımov (tar), Kamal Abdullayev (kamança), Pərviz Əlikram oğlu (balaban), Xəyyam Quliyev (ud) və Cavidan Nəbiyev (nağara) müşayiət ediblər.
Sonda tədbirin proqramını hazırlayan ADMİU-nun "Muğam sənəti" kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova gənc ifaçılara göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.