Autizmli uşaqlara “Oyuq”çulardan dəstək - “Qırmızıpapaq” nümayiş olunacaq
Aprelin 4-də beynəlxalq autizm günü münasibəti ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, teatrın nəzdindəki “Oyuq” teatr-studiyası balaca tamaşaçıları qarşısında “Qırmızıpapaq” tamaşası ilə çıxış edəcəklər.
3 Aprel 2019 17:24 MədəniyyətAprelin 4-də beynəlxalq autizm günü münasibəti ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, teatrın nəzdindəki "Oyuq" teatr-studiyası balaca tamaşaçıları qarşısında "Qırmızıpapaq" tamaşası ilə çıxış edəcəklər.
Olaylar.az bildirir ki, səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunacaq. Balacalara sevgi və humanizm aşılayan səhnə işinin əsas ideyası "dünyanı dostluq xilas edəcək" şüarıdır.
Tədbirin əsas qonaqları da məhz autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri olacaqlar. Müxtəlif layihələr sayəsində teatrımızın, istedadlı "Oyuq"çuların dostuna çevrilən UAFA (United Aid For Azerbaijan) və digər təşkilatlar, eləcə də reabilitasiya mərkəzlərində, həmçinin müalicə-tədris müəssisələrində qeydiyyatda olan uşaqlar həmyaşıdlarının, balaca aktyorların ifasında konsert proqramına da tamaşa edəcəklər.
Xatırladaq ki, autizm sindromlu uşaqların iştirakı ilə səhnələşdirilən və onlara həsr olunan "Əlimdən tut" adlı ilk tamaşa və sosial-çarx da məhz "Oyuq" teatr-studiyası tərəfindən hazırlanıb və bu barədə cəmiyyətdə sistemli olaraq maarifləndirmə işi aparılıb.