Bakı Beynəlxalq Humanitar Forum iştirakçıları muzeylərdə
29 Oktyabr 2018 12:38 MədəniyyətVI Bakı Beynəlxalq Humanitar Forumunun bağlanış mərasimindən sonra müxtəlif xarici ölkələrdən olan nümayəndələr mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları və muzeylərini ziyarət ediblər.
Qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyi ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı zəngin bir xəzinədir. Muzey 1936-cı ildə təşkil edilib, 1937-ci ildə ilk ekspozisiyanın açılışı olub. Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, eləcə də Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən sənət əsərləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
Qonaqlar Azərbaycan Xalça Muzeyini ziyarət ediblər. Onlara Azərbaycan xalçaçılığının tarixi, xalçaçılıq məktəbləri, xalçaların hazırlanması haqqında, eləcə də muzeyin yaranması və fəaliyyəti barədə məlumat verilib.
Muzey zəngin irsimiz olan xalçaların saxlanc yeri, onların yüksək səviyyədə təqdimatı məkanı olmaqla bərabər, həm də milli xalça sənətinin tədqiq olunduğu elm və mədəniyyət ocağı kimi fəaliyyət göstərir.