“Didor”un Qran prisi Azərbaycana gəldi - “Nar bağı” filminin növbəti beynəlxalq mükafatı
24 Oktyabr 2018 11:58 MədəniyyətBöyük İran rejissoru Möhsen Məxməlbaf tərəfindən əsası qoyulmuş "Didor" Beynəlxalq Film Festivalı regionun nüfuzlu festivallarındandır. Tacikistan paytaxtı Düşənbə şəhərində keçirilən bu ilki 8-ci festivalda Azərbaycanı İlqar Nəcəfin "Nar bağı" filmi təmsil edib. "Nar bağı" "Ən yaxşı bədii film" nominasiyasında Qran pri-nin qalibi olub. Filmi festivalda təmsil edən ssenari həmmüəllifi Asif Rüstəmov filmin tamaşaçılar və mütəxəssislər tərəfindən öyük maraqla qarşılandığını bildirib.
"Nar bağı" filmi ilk dəfə Azərbaycandan Avropa Kino Akademiyasının nüfuzlu "Felix"mükafatına da namizədlər sırasındadır. Bundan başqa kinorejissor llqar Nəcəf filmi Hanoya Beynəlxalq Film Festivalında ( Vyetnam Respublikası) təmsil etmək üçün hazırlaşır. Film buna qədər Malatya Beynəlxalq Film Festivalı, Listopad Beynəlxalq Film Festivalı, Avroasiya Beynəlxalq Film Festivalının mükafatlarıın qalibi olub. Filmin dünya premyerası Karlovı Varı Beynəlxalq Film Festivalında baş tutmuşdur.
Filmin ssenari həmmüəllifləri İlqar Nəcəf, Asif Rütəmov, Roelof Minnebodur. Quruluşçu operator Ayhan Salar, bəstəkar Firudin Allahverdi, quruluşçu rəssam Rafiq Nəsirov, prodüsserlər Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Film Mədəniyyət Nazirliyinin sifarişilə "Azərbaycanfilm" və "Butafilm" kino şirkətlərinin birgə istehsal edilib.