Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş "Kino həyatın bir zərrəsidir" adlı tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamlayıb. O, kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söyləyib və qeyd edib ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur.

Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Yasamal rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov, "Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək" QHT-nın prezidenti Tofiq Əlizadə, "ELS - Müstəqil Araşdırmalar Mərkəzi" ictimai birliyinin rəhbəri İradə Yaqubova, digər ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra Təbrizli həmyerlimiz Hədyə Zəhra Əhmədi dahi Füzulinin qəzəllərini və ustad Şəhriyarın şeirlərini səsləndirib. Yubiley gecəsində kinorejissorun həyat və yaradıcılığına həsr edilmiş "Oktay Mir-Qasım-75" adlı virtual fotoalbom nümayiş olunub, onun "Это звуки истины", "Ovsunçu", "Qisas almadan ölmə", "1001 qastrol", "Günaydın, Mələyim", "Чертик под лобовым стеклом" filmlərindən fraqmentlər göstərilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun "1001 qastrol" sənədli filmindən Rəşid Behbudovun "Ey, Vətən" mahnısının canlı ifası ilə bitib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31