“Azərbaycan rüzgarı” türk xalqlarının səsi olacaq
Səidə Ömər: “Bu proqramla Türkiyə mediasında Azərbaycan nəfəsli yeni televiziyanın qurulmasına start veriləcək” Olaylar.az Türkiyənin Bengü TV kanalında yayımlanacaq “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömərlə olan müsahibəni təqdim edir.
11 Sentyabr 2018 16:29 MədəniyyətSəidə Ömər: "Bu proqramla Türkiyə mediasında Azərbaycan nəfəsli yeni televiziyanın qurulmasına start veriləcək"
Olaylar.az Türkiyənin Bengü TV kanalında yayımlanacaq "Azərbaycan rüzgarı" verilişinin müəllifi və aparıcısı Səidə Ömərlə olan müsahibəni təqdim edir.
- Səidə xanım, sizi tanıyaq.
- Mən iki ulu Türkün- Azərbaycan və Qaqauz qızı Səidə Ömərova Bakı şəhərində anadan olmuşam.1993-cı ildə Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə təhsil almışam. 2008- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakultəsinin Kinorejissorluq bölümünü qırmızı diplomla bitirmişəm. Hal-hazırda İstanbul Universitetinin Rabitə fakultəsinin "Radio Televiziya Kino"bölümündə magistr təhsili alıram.
- Türkiyəyə getməzdən öncə Azərbaycanda hansı istiqamətdə fəaliyyət göstərirdiniz?
- 2005-2018 illərdə Suraxanı rayonu 2 saylı uşaq evində "Ağ çiçəklər" rəqs qrupunun, 2009-2017-ci ildə Heydər Əliyev adına liseydə ''Zərifə" rəqs qrupunun rəhbəri, 2010-2017- ci ildə Günaz Tvdə "Rəqs Dünyası", (verilişdə Azərbaycan milli rəqsləri öyrədilib ) və "Günəş və Həmail" adlı uşaq proqramlarının aparıcısı və müəllifi olmuşam. 2006-2007-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm"kinostudiyasında Oktay Mirqasımovun "Günaydın, mənim mələyim" adlı filmdə rejissor köməkçisi olaraq çalışmışam.
2017-2018-ci illərdə Azərbaycan Alpağut Federasiyasında Mədəniyyət Departamentinin sədri vəzifəsində çalışmışam.
- Verilişinizin ideyası necə yarandı?
- Hal-hazırda İstanbulda fəaliyyət göstərən Bengü Türk Tv-də "Azərbaycan rüzgarı"adlı programın aparıcısı və müəllifiyəm.
Türkiyəyə gəldiyimdə qarşıma qoyduğum məqsədlərdən biri Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına aid bir veriliş açmaq idi. Bu təklifi Bengü Türk TV-nin rəhbəri Metin bəy Özkana təklif edəndə təklifimi çox gözəl qarşıladı. Həftədə bir dəfə efirə gedəcək "Azərbaycan rüzgarı" adlı proqramımızın hal-hazırda çəkilişləri gedir.
- Niyə məhz "Azərbaycan rüzgarı"?
-Təbiətin belə bir qanunu var: İlk baharın müjdəsi olan bahar nəfəsi, son baharın xəbərçisi olan payız qoxusu sərin mehlə, küləklə gəlir. Bu sərin küləklər sevincin də, kədərin də xəbərçisi olur. Azərbaycan sevdasını Türk dünyasında cövlan edən türküləri, hər Türkün Turan, Türküstan deyən qəlb döyüntüsünü sadəcə bir rüzgar , bir külək bütün maneələri aşaraq dünyaya çatdıra bilər. Mən də bir türk qızı olaraq bu rüzgarı Xəzridən, Gilavardan ilhamlanaraq Azərbaycandan seçdim.

- Gələcəkdə Azərbaycandan qonaqlar dəvət etməyi düşünürsünüzmü?
- Proqramımızın əsas məqsədi Azərbaycan tarixini, mədəniyyəti və ədəbiyyatını bütövlükdə Azərbaycanı Türk Dünyası izləyicilərinə istədiyimiz kimi, tam, dolğun şəkildə tanıtmaqdır. Bu məqsədə çata bilmək üçünsə təbii ki, Azərbaycandan olan qonaqlar, elm adamları və incəsənət xadimlərimizi dəvət etmək gərəklidir. Düzdür hələ ki, büdcəmiz buna yetəcək qədər deyil. Amma mən ümid edirəm ki, Azərbaycançılıq məfkurəçilik yolunda hər hansı bir müsbət iş görməyi özünə borc bilən iş adamlarımız və digər rəsmi qurumlarımız bu mövzuda bizə dəstəyini əsirgəməyəcək.
Bununla yanaşı Azərbaycandan və Türk Dünyasının digər çeşidli bölgələrindən qonaqlarımız olacaq.
- Verilişinizin xronometrajı nə qədərdi və mövzular kimlərlə müzakirə edilir?
- Verilişin xronomeyrajı 1 saatdı. Söhbətlər Türkiyədə çalışan azərbaycanlı və Türk professor, elm adamları ilə, bəzən də Azərbaycandan gələn qonaqlarımızda olur ki, onlarla da müzakirə olunur. Veriliş ərəfəsində mövzuya aid şeirlər, musiqilər səslənir.
- Türk vətəndaşları verilişinizi necə qəbul etdilər?
- Türk dünyası nə qədər geniş olsa və dünyada nə qədər qardaş türk xalqları olsa belə, onlar arasında Türkiyə Azərbaycan qardaşlığının özünəməxsus yeri var. Necə ki, bu gün Azərbaycanın hər guşəsində Türkiyə məfhumu müqəddəs və əzizdirsə, eləcə də Türkiyədə Azərbaycan adı belədir. Azərbaycanla bağlı nəinki proqramlar, söylənilən kiçik bir beyt belə Türkiyə vətəndaşında, Türkiyə tamaşaçısında inanılmaz, gözəl duyğular oyadır.
-Verilişlərinizdə azsaylı türk xalqlarının mədəniyyəti və tarixi haqqında tamaşaçılara məlumatlar verilirmi?
- "Azərbaycan rüzgarı" azsaylı Türk xalqlarının nəfəsi, səsi olacaq. Bu səbəblə də verilişimizdə mütəmadi olaraq həmin xalqların mədəniyyət və tarixindən söz açılacaq. Türk xalqlarının mədəniyyəti, tarixi, ədəbiyyatının təbliği yönündə fəaliyyət göstərən cəmiyyətlərinin öndə gələn böyüklərini proqrama dəvət edəcəyik.
Gələcəkdə layihənizi daha da geniş formatda təqdim etməyi düşünürsünüzmü?
- Proqramın adının "Azərbaycan rüzgarı"olması təsadüfi deyil. Bu rüzgar eldən-elə, dağların sinəsindən dolaşıb min bir nəfəs gətirir. O rüzgar elə əsib çoşacaq ki, Qafqazlardan Xəzərə, Göy Xəzərdən Qara dənizə cövlan edəcək. Bu proqramla Türkiyə mediasında Azərbaycan nəfəsli yeni televiziyanın qurulmasına start veriləcək.
Nigar Adil