İzmir Kitab və Kağız Sənətləri Muzeyində görüş
20 İyul 2018 11:55 MədəniyyətAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Azərbaycanın Əməkdar jurnalisti Namiq Əhmədovun Türkiyənin məşhur İzmir Kitab və Kağız Sənətləri Muzeyində kollektivlə və muzeyin yaradıcısı, araşdırmaçı alim Nedim Sönməzlə görüşü keçirilib. "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda kitab nəşri" mövzusunda mühazirə muzey əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.
Olaylar.az bildirir ki, görüşdə araşdırmaçı-alim Nedim Sönməz muzeyin yaranma tarixindən, kitab və kağız sənətinin tarixi, bu günkü inkişafı haqqında məlumat verib, qonağı Azərbaycanda nəşr olunan kitablar üçün ayrılmış guşə ilə tanış edib. O, eyni zamanda, hazırda Almaniyanın Drezden Muzeyində saxlanılan "Kitabi-Dədə Qorqud"un nadir nüsxəsi üzərində apardıqları tədqiqat haqqında ətraflı məlumat verib.
Nedim Sönməz Azərbaycana olan marağından da danışıb, Azərbaycan guşəsinin yeni nəşrlərlə daha da zənginləşdirilməsini, burada azərbaycanlı qonaqları görmək istədiyini dilə gətirib, xüsusən də Bakıda Bilik Fondu və Miniatür Kitab Muzeyi ilə əməkdaşlıq arzusunu bildirib.
Görüşün sonunda Nedim Sönməz "İzmir Kitab və Kağız Sənətləri Muzeyi" adlı nəfis tərtibatlı kitabı imzası ilə Bilik Fonduna hədiyyə edib