Yeni direktor kollektivə təqdim edildi

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müvafiq əmri ilə Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ Dövlət Teatrına direktor təyin olunub. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov İslam Həsənovu kollektivə təqdim edib. Nazirliyin rəsmisi çıxış edərək İslam Həsənovu bu təyinat münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. İsmayıl Hüseynov YUĞ Teatrının Azərbaycan mədəniyyətində tutduğu yerdən danışıb və ölkədəki bütün teatr-tamaşa müəssisələri kimi, öz fərqli sənət yolu olan bu teatrın dövlətin himayəsində olduğunu bildirib.

İslam Həsənov uzun illər bu sahədə çalışan, teatr sənətini sevən və onun sirlərinə bələd olan bir insandır. İslam Həsənov 1965-ci ildə Lənkəran şəhərində anadan olub, 1982-1988-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda təhsil alıb. 1990-1992-cı illərdə "Meydan" teatr-studiyasında aktyor işləyib. 1991-1992-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı və redaktor işləyib. 1992-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında İnformasiya Mərkəzinin rəhbəri olub. 2007-2014-cü illərdə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 2014-2018-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor vəzifəsində çalışıb.

Daha sonra çıxış edən İslam Həsənov təyinata görə minnətdarlığını bildirib. O, qeyd edib ki, YUĞ Teatrı mənə doğma bir teatrdır.

Qeyd edək ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31