Xalça Muzeyində beynəlxalq simpozium
13 İyul 2018 11:40 MədəniyyətAzərbaycan Xalça Muzeyi Bakı şəhərində "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda üçüncü Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" adlı simpoziumuna ev sahibliyi edəcək.
Olaylar.az bildirir ki, tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaq. Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək.
Qeyd edək ki, beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir.
Simpozium çərçivəsində "Keçəçilik ənənə kimi", "Keçə müasir incəsənətdə", "Keçə moda dünyasında bir trend kimi" mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou təşkil olunacaq.