Azərbaycanın “Avroviziya” tarixi – Bitməyən erməni sarsaqlığı
10 May 2018 14:40 Mədəniyyət"Uğursuz" şüar-Hamı göyərtəyə! All aboard!
Müəllifi Marsel Bezençon olan Avroviziya Mahnı Müsaqibəsi (Eurovision Song Contest)1956-cı ildən etibarən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir.
Lakin ölkəmiz bu mahnı müsaqibəsinə 2007-ci ildə İctimai Televiziyanın Avropanın yayım İttifaqının üzvü olmasından sonra 2008-ci ildə qatıldı.
Xatırlayıram ki, 2008-ci ildə ölkəmizin ilk dəfə bu qitə miqyaslı müsaqibəyə qatılmasını əksəriyyət böyük sevinc, həyəcanla qarşılamışdı və ifa ediləcək mahnını, ifaçını səbirsizliklə gözləyirdi. Çünki musiqi hər bir azərbaycanlıdan ötrü başlıca elementlərdən biridir. Sonda Azərbaycanın sevilən peşəkar bəstəkarı Gövhər Həsənzadə və Zəhra Bədəlbəylinin bəstəsi olan "Day after day" mahnısı Elnur Hüseynov və Samir Cavadzadənin ifasında təqdim edildi. Mahnının kiçik muğam hissəsi belə avropalıları həyəcanlandırmağa kifayət etdi və "Day after day" mayın 24-ü baş tutacaq finala vəsiqə qazandı. Belqrad şəhərində olan final mərhələsində Elnur və Samir 25 təmsilçi arasından 8-ci yeri tutaraq azərbaycanlıları qürurlandırdı, bədnam qonşularımızı isə qəzəbləndirdi. Onları qəzəbləndirmək isə ikiqat uğur, ikiqat qürurdur.
2009-cu ildə ölkəmiz daha bir uğura imza ataraq asanlıqla final mərhələsinə vəsiqə qazandı. Əslən Cənubi Azərbaycandan olan isveçli bəstəkar Araş və Aysel Teymurzadə 16 may finalda "Always" mahnısı ilə ölkəmizi layiqincə təmsil edərək bizi bir daha qürurlandırdı və 3-cü pilləni qazandı.
Avroviziya təkcə mahnı deyil, əfsuslar olsun ki, həm də siyasi müsaqibədir. Bu səbəbdən dəfələrlə tənqidə məruz qalıb. Qazandığımız uğurlardan rahatlıq tapa bilməyən ermənilər həmin il "Avroviziya"-da təqdim olunmuş video-çarxda abidələr arasında Azərbaycanda, Dağlıq Qarabağda yerləşən heykəlimiz də göstərilmişdi. Hətta ölkəmizdə narazılığa səbəb olmuş bu erməni həyasızlığını düzətməyə müsaqibənin təşkilatçıları söz vermişdilər.
Bu məsələ ilə bağlı olaraq Milli Məclisin sabiq millət vəkili, ictimai xadim Anar Məmmədxanov fikirlərini bu cür ifadə etmişdi: "Bizdə formalaşan ən murdar şey budur ki, ermənilərin hərəkətini daim izləyir, onlarla yaşayırıq. Unutmamalıyıq ki, Azərbaycan premyer-liqada, Ermənistan isə heç ikinci liqada da deyil, üçüncüdə oynayır. İstedadlı xalqı olan bədbəxt, vassal bir ölkədir və onların əsas sarsaqlığı və milli faciəsi xırda mərdimazarlıqla məşğul olmaqdan həzz almaqdır".
2010-cu ildə Oslo şəhərində baş tutacaq yarışmada Azərbaycanı Səfurə Əlizadə "Drip-drop" mahnısı ilə təmsil etdi. Araş və Ayselin 1 il əvvəlki uğurlu çıxışından sonra qələbəyə ruhlanan millətimizi təəssüflər olsun ki, Səfura Əlizadə layiqincə çıxış etməsinə baxmayaraq sevindirə bilmədi. Azərbaycan mayın 29-da keçirilən final şousunda 5-ci yeri tutdu. Layiqincə təmsillə 5-ci pillə tutduğumuz zaman ermənilər yenə "oğurluq" arxasından qaçırdı. Yarışmada Ermənistanı təmsil edən Sonyanın səsləndirdiyi "Never" ("Əsla") adlı mahnının, (yəqinki "Əsla" oxuduqları zaman "əsla" oğurluqdan əl çəkməyəcəklərini vurğulayırdılar) giriş hissəsi türkiyəli müğənni İzelin "Bəllimi olur" mahnısının, bütünlükdə isə musiqisi Hadisənin "Evlənməliyiz" mahnısının eynisi idi. Ermənilərin "gizli türk sevgisi" bitmirdi.
2011-ci il "Uğurlu Düsseldorf!"
Sayca 4-cü dəfə qatıldığımız 56-cı Avroviziya Mahnı Müsaqibəsində Azərbaycanı Eldar Qasımov və Nigar Camal təmsil edirdi. Hamı qələbə gözləyirdi. Səhnədə öz adları ilə deyil, Ell və Nikki təxəllüsü ilə isveçli bəstəkarlar Stefan Örn və Sandra Byurmanın bəstəsi olan "Running Scared" mahnısını ifa etdi və nəinki Azərbaycanda həmçinin vətəndən kənarda yaşayan azərbaycanlıların da böyük sevincinə səbəb olan 1-ciliyi qazandı. Ölkədə demək olar ki, Avroviziya bayramı yaşanırdı. Azərbaycanın qələbəsi elan olunandan az sonra Bakı sakinləri, əsasən də gənclər bu sevinci paytaxt küçələrində qeyd etmişdilər. Hətta xatırladığım qədəri ilə qələbədən az sonra facebook sosial şəbəkəsində "Avroviziya 2012 Qarabağda keçirilsin!" adı ilə səhifələr yaradılmışdı.
Qələbəyə sevindiyimiz bir vaxta erməni sarsaqlığını da unuda bilmirdik, çünki bədnam qonşular bu səfər də Azərbaycanın milli rəqsi "Köçəri"-ni hədəf almışdı. Beləki final mərhələsində erməni təmsilçisi "Köçəri"-ni erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Lakin məsələyə laqeyd yanaşmayan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi araşdırmalara başlamış, "Köçəri" rəqsinin Azərbaycan xalqına məxsus olması barədə geniş, tarixi əsaslara söykənən və "Köçəri" sözünün etimologiyasını açıqlayan arayış hazırlayıb kütləvi informasiya vasitələrində yaymış və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərmişdi.
2011-ci ildəki qələbə Avroviziya həyəcanını 2012-ci ildə "Odlar Yurdu"-na gətirdi. Ölkəmiz ilk dəfə bu müsaqibəyə ev sahibliyi etmək hüququnu qazanmışdı. "Öz məşəlini alovlandır" şüarı ilə Bakı Kristal zalında keçirilən müsaqibə ölkəmiz, mədəniyyətimiz adına böyük nailiyyət idi. Ümumilikdə tədbirə 3 milyard dollar vəsaitin xərcləndiyi iddia olunurdu. Həmin il Azərbaycanı təmsil edən ifaçımız isə Səbinə Babayeva oldu. Səbinə Babayevanın "When day music die" mahnısı 26 mayda baş tutan final mərhələsində 5-ci pilləni qazandı.
Ölkəmizin bu cür dünya miqyaslı müsaqibəyə ev sahibliyi etməsi əlbəttə ki, Ermənistan tərəfini qıcıqlandırmaya bilməzdi. Beləki ilk əvvəl Ermənistanın müsaqibədə iştirak edəcəyi məlum olsa da, müsaqibənin keçirilməsinə iki ay qalmış təhlükəsizliklə bağlı narahatçılıq keçirdiyini bildirən Ermənistan telekanalı müsaqibədə iştirak etməyəcəyini bildirdi. Müsabiqədə iştirakını təsdiqləyib, daha sonra iştirakdan imtina etdiyinə görə Ermənistan telekanalı Avropa Yayım İttifaqı tərəfindən müvafiq məbləğdə pul cəzası ilə cərimələnərək telekanaldan Bakıda keçirilən müsabiqənin finalını fasiləsiz olaraq yayımlamaq tələb edildi.
2013-cü il Malmö şəhərində Azərbaycanın Avroviziyadakı sonuncu uğurlu çıxışı oldu. Beləki Fərid Məmmədovun "Hold me" mahnısı final mərhələsində 2-ci pilləni qazandı. Fərid Məmmədova qədərki təmsilçilərimiz və Fəridin qazandığı ikincilik ilə artıq Avropaya və özümüzə sübut etmişdik ki, bu yarışmada istənilən yüksək pillələri tuta bilərik. Ona görə də artıq Avroviziya bizim üçün marağını və əhəmiyyətini itirməyə başladı. Çünki qalibiyyəti və uğuru artıq dadmışdıq və 2008-ci ildəki həyəcan artıq yox idi. Bu da özünü oradan sübut etdi ki, 2014-cü ildən uğursuz çıxışlar özünü göstərməyə başladı.
Beləki 2014-cü ildə Dilarə Kazımova Kopenhagendə "Start a fire" mahnısı ilə 22-ci yeri qazandı və bununla da Azərbaycanın Avroviziya Mahnı Müsaqibəsi tarixində ən uğursuz çıxışına imza atmış oldu. Əlbəttə ki, 2018-ci ili çıxmaq şərtilə. 2015-ci ildə müsaqibəyə ikinci dəfə qatılan, lakin ilk dəfə 2008-ci ildə qatılarkən qazandığı uğuru təkrarlaya bilməyən Elnur Hüseynov Vyanada 23 may tarixində keçirilən finalda "Hour of the wolf" mahnısı ilə Dilarə Kazımovadan bir qədər daha yaxşı nəticə göstərərək 12-ci pilləyə layiq görüldü. 2016-cı ildə sayca 9-cu dəfə Avroviziya Mahnı Müsaqibəsinə qatıldıq. "Miracle" mahnısını ifa edən gənç ifaçımız Səmra Rəhimli Stokholmdan vətənə, 17-ci pillə ilə döndü. Uğursuz çıxışlarımız isə bununla bitmədi. Ötən il ölkəmizi təmsil etmək üçün Kiyevə yollanan Diana Hacıyeva "Skeletons" mahnısı ilə təəssüflər olsun ki, 14-cü pillədə qərarlaşdı.
Fərid Məmmədovdan sonrakı uğursuz çıxışlar bu ildə Azərbaycandan yan keçmədi. Avroviziyanın əhəmiyyəti, həyəcanı azalsa da, hətta müsaqibənin Azərbaycandakı azarkeşlərindən bəziləri belə artıq müsaqibənin dəqiq vaxtını unutsa da ölkəmizin adının olduğu istənilən tipli müsaqibə hər zaman vacibdir. Çünki qazanılacaq ən kiçik uğur belə bizi qürurlandırır və düşməni lərzəyə gətirir. Bu səbəbdən də Azərbaycanın ilk dəfə yarımfinalda məğlub olaraq finala vəsiqə qazana bilməməsi bizim üçün son pilləlləri tutmaqdan daha uğursuz nəticədir.
Aysel Məmmədovanın finala çıxa bilməyən "X my heart" mahnısının müəllifliyi isə yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byormana məxsusdur.
Lakin məğlubiyyəti Aysel Məmmədovanın üzərinə yazmaq da doğru addım deyil. 2013-cü ildən sonra başlayan ümidsiz çıxışlarımızdan sonra musiqi seçimini xarici bəstəkarlara buraxmadan onlara yad olan öz zəngin dərin musiqimizdən istifadə etsəydik, bəlkə də daha çox maraq doğurardıq. Çünki Avropa dinləyicisi artıq "X my heart"tipli mahnılara öyrəşmiş vəziyyətdədir.
Lakin bu son deyil. Ümidsizliyə qapılmadan növbəti illərdəki bizi yenidən həyəcanlandıracaq ekran başına toplayacaq uğurlu çıxışlarımızı gözləməyə davam edəcəyik. Qələbəni bir dəfə dadmışıqsa yenə də dadacağıq...
Nigar Orucova