Elçin Hüseynbəyli - Xaricdən gələn şair həmkarımız bizi necə sevindirdi...

Düzü bilmirəm, eşitdiyimi və bildiyimi sizə deyim, ya yox. Çünki danışacağım əhvalatın sahibi bizim aramızdadır, ola da bilər ki, bu yazını oxuyub özünü tanısın və məndən küssün. Özü oxudu oxudu, oxumadısa, sizdən bir təvəqqəm var: bu söhbəti onun yanında eləməyin. Eləsəniz, bir daha sizə xəlvəti heç nə deməyəcəm. Sizin sədaqətinizə güvənirəm... Tanınmış şairlərimizdən biri ömründə ilk dəfəydi ki, xaricə getmişdi. Hələ səfərə çıxmazdan əvvəl gedəcəyi yerlər barədə ağız dolusu danışırdı, deyirdi ki, onu dəvət edənlər yazdıqlarını əzbərdən bilirlər, hətta cocuqlarına da əzbərlətdiriblər və orda, yəni gedəcəyi ölkədə onun şərəfinə şeir şöləni də düzənləyiblər.

Düzü bilmirəm, eşitdiyimi və bildiyimi sizə deyim, ya yox. Çünki danışacağım əhvalatın sahibi bizim aramızdadır, ola da bilər ki, bu yazını oxuyub özünü tanısın və məndən küssün. Özü oxudu oxudu, oxumadısa, sizdən bir təvəqqəm var: bu söhbəti onun yanında eləməyin. Eləsəniz, bir daha sizə xəlvəti heç nə deməyəcəm. Sizin sədaqətinizə güvənirəm...

Tanınmış şairlərimizdən biri ömründə ilk dəfəydi ki, xaricə getmişdi. Hələ səfərə çıxmazdan əvvəl gedəcəyi yerlər barədə ağız dolusu danışırdı, deyirdi ki, onu dəvət edənlər yazdıqlarını əzbərdən bilirlər, hətta cocuqlarına da əzbərlətdiriblər və orda, yəni gedəcəyi ölkədə onun şərəfinə şeir şöləni də düzənləyiblər.

Onu tanıyanlar bu söz-söhbətə istehzayla, tanımayanlar təəccüblə baxırdılar. Həngamə, yəni məsələnin maraqlı tərəfi şair arxadaşımız səfərdən dönəndən sonra baş verdi...

Xırda bir jurnalın böyük redaktoruydum. Yığcam kabinetimdə oturub kağız-kuğuzumla əlləşirdim ki, şair həmkarımız qarnını irəli verə-verə içəri girdi. Ayağa qalxıb ona xoş gəldin elədim, amma səfər barədə heç nə soruşmadım. Bilirdim ki, soruşmasam da özü danışacaq. O da adətinə uyğun olaraq əvvəlcə bir siqaret istədi, çıxarıb verdim, amma təəccübləndim də. Mən bilən, o, siqaret çəkən deyildi. Müfə nə söz.

Arxadaşım siqaretini alışdırıb damağına qoydu, yalandan tüstülətdi. "Burda siqaret çəkmirlər" lövhəsinə ötəri bir nəzər də saldı, amma təzə qonaq kimi təmkinini itirmədi.

-Bilirəm ki, otaqda siqaret çəkmirsən, amma sənə elə maraqlı bir söz deyəcəm ki, özün də çəkəsi olassan.

Əlimdəki işimi bir kənara qoyub onu dinləməyə hazırlaşdım.

-Canın üçün səfər mən gözlədiyimdən də əla keçdi. Əşi, biz yaşamırıq ki, orda bilirsən şairin nə hörmət-izzəti var. Ayağımı yerə dəyməyə qoymadılar. Tədbir tədbir dalınca. O şəhər sənin, bu şəhər mənim. Gecələr avtobusdaca yatırdıq, səhər açılan kimi yeməyimizi yeyib, düz axşama kimi şeir deyirdik: dehade! Hələ ömrümdə o qədər şeir deməmişdim...

Mən ona qulaq asdıqca yalandan başımı o tərəf-bu tərəfə döndərirdim. O da hiss elədi ki, söhbəti mənimçün çox darıxdırıcıdır. Ona görə də səsini alçaldıb mərhəmcəsinə bunları dedi:

-Öz aramızdır. Sənə deyim ki, orda Azərbaycandan cəmi iki nəfəri tanıyırlar.

Bu sözlərdən sonra o pauza verdi, siqaretin tüstüsünü ağzına alıb yenidən göyə üfürdü:

-Səni və məni! Başqa heç kəsi!

Mən diqqətlə və bir qədər də keyliklə ona baxdım.

-Səni və məni! -deyə şəhadət barmağını əvvəlcə mənə uzatdı, sonra da öz sinəsinə vurdu.

Arxadaşım ayağa durub getdi. Amma fikir verdim ki, qonşu otaqda oturmuş xalq şairinin yanına girdi. Və bir azdan otaqda gülüş sədaları eşidildi.

Həmin gün şair dostum başqa redaktorların da otaqlarını bir-bir gəzdi. Hətta gedib sədrimizə də çıxdı.

Tay demişəm, keçib, onu da deyim ki, həmin gün idarəmizdə işləyənlərin sevinclərinin həddi-hüdudu yox idi...

Sentyabr, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31