Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib

Berlinin "Galerie Schultz" adlı ən məşhur sərgi qalereyalarından birində Xocalı soyqırımının qurbanlarına həsr olunmuş sərgi keçirilib. Xocalı soyqırımı yaddaşlarda Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi kimi qalıb. Öldürülənlər arasında 106 qadın, 63 uşaq və 70 qoca var idi. Sərgi Avropa Azərbaycan Cəmiyyətinin Berlin nümayəndəliyi tərəfindən təşkil olunub.  Cəmiyyətdən "Olaylar" - a bildirilir ki, tədbir "Xocalıya Ədalət !" beynəlxalq təbliğat-təşviqat kampaniyasının dəstəyi ilə keçirilib.

Sərgidə tanınmış Azərbaycan rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına aid sonuncu əsərləri nümayiş etdrildi. 1981-ci ildən peşəkar fəaliyyətdə olan rəssamın əl işləri NATO-nun Brüsseldəki, BMT-nin isə Cenevrədəki qərargahında, eləcə də Vatikanda sərgilənib. O, beynəlxalq anlaşmanın möhkəmlənməsi üçün öz sənətindən yararlanaraq əsərlərində azərbaycanlı ruhunu əks etdirməklə məşhurdur.

Sərginin açılışında 300-dən artıq qonaq, həmçinin Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, bu ölkənin tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporasının fəalları iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərovun qonaqlara müraciətindən: "Bu tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya Ədalət !" beynəlxalq kampaniyası çərçivəsində keçirilir. 2008-ci ildən etibarən keçirilən bu kampaniya regionda ədalətin bərqərar edilməsi yolunda apardığı işlərdə böyük beynəlxalq dəstək qazanmışdır. İndiyədək bu kampaniya Avropa, Amerika, Asiya və Afrikadakı 100-dən artıq ölkədə tədbirlər təşkil etmişdir. Avropa Azərbaycan Cəmiyyəti öz

tədbirlərini Afina, Bern, Brüssel, London, Lüksemburq, Paris, Praqa, Sofiya və Vilnüs şəhərlərində keçirməkdədi.

Bugünkü tədbirimiz isə Berlində keçirilir. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, professor Heintze və sənəti ilə bizi bir araya gətirən Əşrəf Heybətov cənablarını sizin kimi dəyərli qonaqlarla bir yerdə görmək və salamlamaq mənim üçün çox xoşdur. Əşrəf Heybətov kimi böyük rəssamın beynəlxalq səviyyəli qalereyaçı cənab Şultzla apardığı iş birliyi 25 il əvvəl baş vermiş Xocalı soyqırımına və ata-baba yurduna dönmək arzusu ilə yaşayan qaçqın və məcburi köçkünlərin talelərinə bir daha işıq saldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31