Bakı Xoreoqrafiya Akademiyasında  “Xocalı  həftəsi”

Bəşər tarixinin ən amansız faciələrindən və xalqımıza qarşı həyata keçirilən ən dəhşətli qırğınlardan biri olan Xocalı faciəsinin 25-ci ildönümü Bakı Xoreoqrafiya Akademiyası tərəfindən özünəməxsus tərzdə qeyd edildi. Akademiyandan "Olaylar"- a verilən məlumata əsasən rəhbərlik tərəfindən xüsusi tədbirlər planına əsasən Akademiyada "Xocalı həftəsi" keçirildi.

20-24 fevral tarixlərini və Bakı Xoreoqrafiya Akademiyasının bütün təhsil pillələrini əhatə edən "Xocalı həftəsi" çərçivəsində hər gün ilk dərslər Xocalı soyqırımına həsr olunmuş, "Xocalı soyqırımı şagirdlərin gözü ilə" foto və rəsm sərgisi keçirilmiş, inşa və məqalələr yazıldı. Bununla yanaşı "Tariximizi unutmayaq" mövzusunda seminar keçirilmiş, "Xocalı analarının fəryadı" adlı bədii-xoreoqrafik kompozisiya və Bakı şəhəri Sabunçu rayonu Pirşağı İstirahət Mərkəzində yerləşən Xocalı şəhər 2№-li Musiqi Məktəbi və 2№-li Tam orta məktəbində "Biz o yerlərə qayıdacağıq" adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.

Akademiyanın bakalavriatura və magistratura pillələrində təhsil alan tələbələr isə "Xocalı faciəsi" mövzusunda xoreoqrafik quruluşlarını açıq dərslərdə nümayiş etdirdilər.

"Xocalı həftəsi"nin yekunlarına dair konfransda Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək, qeyd etdi ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi beş il keçsə də, 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktının törədilməsi heç zaman unudulmayacaq. Rektor Bakı Xoreoqrafiya Akademiyasında "Xocalı həftəsi" çərçivəsində keçirilmiş bütün tədbirləri yüksək qiymətləndirdi və onları gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüyüb, tərbiyə olunmasına töhfə olduğunu bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31