Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25“ mövzusunda tədbir keçirilib

Fevralın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25" mövzusunda anım tədbiri keçirilib.

Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açdı.

BBMM-nin icraçı direktoru Azad Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə Xocalı soyqırımı haqqında film nümayiş etdirilib.

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayıb, özünün də faciənin canlı şahidi olduğunu qeyd edib.

Daha sonra BBMM-in Moldova filialının rəhbəri Aurelio Qriqoriu, BBMM-in İsrail filialının sədri Arye Qut, Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili, Azərbaycanda yaşayan Axıska türklərinin "Vətən" İctimai Birliyinin sədri İbrahim Məmmədov, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata, professorlar Solmaz Tovhidi, İmamverdi Həmidov və başqaları çıxışlarında Xocalı faciəsinin təkcə Azərbaycan xalqının yarası olmadığını qeyd ediblər, bu qətliamı bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndiriblər.

Azərbaycanda yaşayan yunan, ingiloy, avar, tatar, kürd, ləzgi icmalarının, eləcə də xristian və yəhudi icmalarının nümayəndələri, müxtəlif rəsmi qurumların rəhbərləri və alimlərin iştirak etdiyi tədbirdə soyqırım şahidlərinin ağrılı xatirələri dinlənilib. Tədbirdə soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31