Britaniya parlamentində “Xocalı Sülh Mükafatı” nın təqdimatı olub
23 Fevral 2017 17:48 Mədəniyyət"Xocalıya Ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Britaniya parlamentində "Xocalı Sülh Mükafatı" nın təqdimatı olub. Avropa Azərbaycan Cəmiyyətindən "Olaylar" - a verilən məlumata görə, bu mükafat Böyük Britaniyada yaşayan və incəsənət sahəsində təhsil alan tələbələrin yaradıcılığını istiqamətləndirməkdə davam edir.
Mükafatlar Böyük Britaniya Parlamentinin tarixi "Strangers' Dining Room" zalında 100-dən artıq beynəlmiləl auditoriya qarşısında təqdim edilib. Müsabiqəyə daxil olmuş 70-dən artıq rəsm əsərləri arasından seçim edən münsiflər heyəti üzvləri Baronessa Sayeeda Varsi, Baronessa Zahida Manzur, Böyük Britaniya - Azərbaycan Parlamentəlrarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman, Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət məsələlri üzrə məsləhətçisi Səbinə Rakçeyeva və Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter olub.
Tədbirdə çıxış edən Baronessa Zahida Manzur bildirmişdir: "Mən müsabiqəyə daxil olan münsiflərdən biri idim. Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun digər üzvləri ilə birlikdə Azərbaycana səfərim zamanı Dağlıq Qarabağ regionundan məcburi köçkünlərlə görüşmək şərəfinə nail olmuşdum. Onların kədərli hekayələrini dinləmək çox ağır idi. Onların yaşadıqları terrordan başqa burada ümid, sevgi və ahəng vardı.
Burada sərgilənən rəsm əsərlərində müəyyən dərəcədə ümid elementi vardır. Bəzilərində sülh və sevgi görə bilərsiniz. Digərlərində çarəsizlik və kədərlə dolu gözlər görə bilərsiniz. Bəzilərində isə sülh göyərçininin qanadları var. Ona görə ki, biz hamımız eyni bəşəri hissləri bölüşürük və irəli getməyə çalışırıq. İncəsənət sahəsində "Xocalı Sülh Mükafatı" nın qaliblərini müəyyən etmək çox çətin idi. Bütün əsərlər münaqişənin həll olunmasına və sülhə ehtiyacın olduğunu göstərirdi."
Mükafatçıları Baronessa Sayeeda Varsi elan ediB. Birinci mükafatı Norveç İncəsənət Universitetinin tələbəsi britaniyalı Luisa Marriottun "Hərəkətin əmin-amanlığı" (Tranquillity of Movement) adlı rəsm əsəri layiq görülüb.
Xocalı Sülh Mükafatı 2017
Birinci mükafat - "Hərəkətin əmin-amanlığı" (Tranquillity of Movement) Luisa Marriott
İkinci mükafat - "Səhər" (In The Morning) Tae Eun Ahn
Üçüncü mükafat - "Batmayın" (Don't Be Submerged) Ming Ying
Yüksək təqdir - "Mənə qaçqın deməyin" (Please Don't Call Me Refugee) Keti Şevlin