Səmimi duyğuların tərənnümü
22 Fevral 2017 10:35 Mədəniyyətİstedadlı şair Şəmsi Vəfadar poeziyamızda səmərəli fəaliyyət göstərən, fərdi dəst-xətti və üslubu olan şairlərimizdəndir. Onun Azərbaycan Yazıçılar Birliyinin AYB kitab layihəsi çərçivəsində 2016-cı ildə "Yazıçı" nəşriyyatında çap olunmuş "Səni ömrümə yazmışam..." kitabında vətəndaşlıq ruhu ilə yoğrulan şeirləri poetik fikir tutumu, məna siqləti və dərin səmimiyyəti ilə diqqəti cəlb edir. Kitab "Vətənə yol", "Uzun səfər", "Baharsız zindan", "Ah, bu vüsal", "Gül-çiçək qədər" bölmələrini əhatə edir. Vətən, yurd sevgisi, torpağa məhəbbət və bütöv Azərbaycan ideyası Ş. Vəfadar şeirlərinin leytmotivini təşkil edir. Vətən onun üçün müqəddəsdir, əzizdir, daima onun köksündədi
Şairin şeirlərində elə mövzular var ki, bunlar bütövlükdə onun yaradıcılığının əsas ruhunu və istiqamətini təyin edir. "Səni ömrümə yazmışam..." şeirlər kitabında toplanan əsərlər şairin vətənə , bayrağımıza, anaya, ilk eşqinə səmimi hiss və duyğularının tərənnümüdür, doğma ana yurda məhəbbət çələngidir, doğulduğu torpağa dərin ehtiramının bədii ifadəsidir.