Böyükağa Məmmədovun 90 illik yubiley qeyd olundu
22 Fevral 2017 10:03 MədəniyyətBakı Xoreoqrafiya Akademiyasının Akt zalında görkəmli rəqqas, Azərbaycan Respublikasının xalq artisti, Əməkdar müəllim, Prezident təqaüdçüsü, xoreoqraf Böyükağa Məmmədovun 90 illik yubiley tədbiri keçirilib. Akademiyadan "Olaylar" - a bildirilir ki, tədbirdə yubilyarın şəxsən iştirakı ilə yanaşı onun əzizləri, Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova, Azərbaycan Respublikasının əməkdar artisti Aliyə Ramazanova və digərləri vardı.
Tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova qeyd etdi ki, ustad sənətkar Böyükağa Məmmədovun yubileyi Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş və onlara Akademiyanın rəhbərliyi və kollektivi tərəfindən böyük ehtiram əlaməti olaraq keçirilən ənənəvi tədbirlərdən biridi. Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqslər kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar artisti Sənan Hüseynli Böyükağa müəllimin həyat və yaradıcılığı haqqında məlumat verdi. Tədbirdə iştirak edən yubilyarın əvəzedilməz tərəf müqabili, dünyanın yarıdan çox ölkəsində qastrol səfərlərində olan, Azərbaycan mədəniyyətini və incəsənətini birgə təbliğ edən xalq artisti Roza Cəlilova, tələbələri Akademiyanın baş müəllimi, xalq artisti Yusif Qasımov, əməkdar artist Aliyə Ramazanova və digərləri Böyükağa müəllimlə bağlı öz xatirələri ilə bölüşdülər. Sonda ustad sənətkar Azərbaycan xoreoqrafiya sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Bakı Xoreoqrafiya Akademiyasısının Fəxri Diplomu ilə təltif edildi.