Bakı Xoreoqrafiya Akademiyasında ustad dersləri

Bakı Xoreoqrafiya Akademiyasının dəvəti ilə Akademiyanın şagird və tələbələrinin klassik və müasir rəqs sahəsində bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi məqsədilə ingiltərəli rəqs ustası, Cənubi Okland Balet Akademiyası və Yeni Zelandiya Rəqs Məktəbinin məzunu, Yeni Zelandiya Kral Baleti Təşkilatı və Gürcüstanın Z. Paliaşvili adına Dövlət Opera və Balet Teatrının Dövlət Balet Təşkilatında peşə fəaliyyəti göstərən Vilyam Prattın 20-25 fevral 2017-ci il tarixlərində ustad dərsləri keçirilir.

Akademiyadan "Olaylar" -a bildirilir ki, ustad dərsləri çərçivəsində qonaq Akademiyanın ixtisas müəllimləri və yuxarı kurs tələbələri qarşısında çıxış edərək, klassik və müasir rəqsdə müasir meyllər və yeni üslublar barədə məlumat verərək, tələbələr xoreoqrafın göstərdiyi bəzi rəqs elementlərini maraqla müşahidə etdilər. Ustad dərsində qeyd olundu ki, dünya inkişaf etdikcə, sənət, peşəkarlıq elementləri, insanın hərəkət və ifadələri də transformasiyaya uğrayır. Bu dəyişmələr mütləq şəkildə rəqsdə də öz əksini tapır. Buna görə müasir rəqslərə yeni nəfəs gətirmək üçün ilk növbədə bütün rəqslərin əsası sayılan klassik rəqsi qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək və hətta müvafiq prinsiplərə uyğun olaraq zənginləşdirmək lazımdı.

Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinin Vilyam Prattla görüşündə ustad dərsi barədə fikir mübadiləsi keçirildi və xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31