Turizm şirkətlərinin nümayəndələri Musiqili Teatrda
Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza ataraq maraqlı bir layihəyə start verib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” –a bildirib ki, Musiqili Teatrda ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib.
20 Fevral 2017 15:41 MədəniyyətAzərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza ataraq maraqlı bir layihəyə start verib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu "Olaylar" -a bildirib ki, Musiqili Teatrda ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib. Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehtizadə ilə yanaşı, bir sıra turizm şirkətlərinin rəhbərləri - Əziz Şiriyev ("BakuTravel-Tourism"), Ülvi Süleymani ("ViaCaucasus"), Nərmin Məmmədova ("Master Travel"), Sənan Şıxəliyev ("Victory Tour"), Əminə Məmmədova ("Benefit Travel"), Cavad Cavadov ("ALDE Tour"), Səbinə Nəsirova, Nizami Həsənov ("Aristokrat Travel") və başqaları iştirak ediblər. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq bu işgüzar görüşün mədəni turizmin inkişafına böyük təsiri ola biləcəyini söyləyib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın baş tutması və daha da genişlənməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin hər cür dəstək verəcəyini söyləyərək, bu qəbildən görüşlərin mütamadi keçirilməsinin zəruriliyini qeyd edib.
Sonda qonaqlar Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan, bəstəkarı Firudin Allahverdi olan "Baladadaşın toy hamamı" iki hissəli musiqili lirik komediyasını izləyiblər.