Sürət qatarının 55-ci dayanacağı
Portretə cizgilər
7 Sentyabr 2015 12:34 MədəniyyətÖmür yolunu sürət qatarına bənzədənlər, görünür səhv etməyiblər. Doğrudanda ömür yolu sürət qatarına çox bənzəyir. Bəlkə də, hər kəsin öz sürət qatarı var, nə bilmək olar. İnsan həyata qədəm basır və sürət qatarı yola düşür. Dayanacaqlar bir-birini əvəz etdikcə illərin üstünə illər gəlir. Əvvəl uşaqlığın, sonra orta məktəbin, daha sonra ali məktəbin, iş yerinin, ilk sevginin, ailə qurmağın, ilk uşağın və s. dayanacaqları çox böyük sürətlə bir-birini əvəz edir. Birdə baxırsan ki, yol yarıdır. Görülən işlər arxada, görüləcəklər qarşıdadır. Ancaq gəlin əvvəldən başlayaq. Aktyor, yazıçı, dramaturq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi C.Cabbarlı adına İrəvar Azərbaycan Dövlət Dram Teatrı direktoru İftixar Piriyevin 2015-ci ilin 7 sentyabrında 55 yaşı tamam olur. 55 yaşlı yubilyarın sözlərlə portretini yaratmağa çalışaq.
1960-cı il sentyabr ayında Gürcüstanın Qaraçöp mahalında Piriyev Fərhadın ailəsində bir oğlan uşağı dünyaya gəlir. Çox düşünüb daşınmadan adını İftixar qoyurlar və səhv də etmirlər. Çünki o, sonralar doğrudan da iftixar edilməli bir ömür yaşayır. Yenə tələsib irəli getməyək, hamı kimi uşaqlıq dövrünü keçirir, hamı kimi məktəbə gedir, heç kimin gözləmədiyi halda incəsənət institutunu və aktyorluq fakultəsini seçir. 1981-ci ildə İncəsənət institutunun Dram-kino fakultəsini bitirən İftixarın təyinatını Milli Akademik Dram Teatrına verirlər. Onun ilk rolları sözsüz və kiçik obrazlar olsa da İftixar onları öz oyun tərzi ilə baxımlı edə bilir. Səhnə üçün faktura əsas olsa da, o, harmoniyaya söykənməsə uğurlu obraz alınmaz. Anarın "Sizi deyib gəmişəm" də artıq fərqli Vəliqulu obrazını oynadı. Sonralar "Şəhərin yay günləri" ndə Namiq, J.Anuyun "Medeya" da Oğlan, N.Hacıyevin "Məhəbbət yaşadır" da Elcan obrazlarını təqdim etdi. Adlarından görüldüyü kimi obrazlar tədricən mürəkkəbləşir və ona olan inam artırdı. S.Vurğunun "Vaqif" də Əlibəy, Ə.B.Haqverdiyevin "Bəxtsiz cavan" da Çingiz, R.Əlizadənin "Günah" da Fərhad, N.Xəzrinin "Torpağa sancılan qılınc" da Poladgüc, V.Səmədoğlunun "Yayda qartopu oyunu" da Niftalı, İ.Əfəndiyevin "Büllur saray" da Bayandur, E.Baxışın "Qədir gecəsi" də Aşıq İftixar, İ.Əfəndiyevin "Tənha iydə ağacı" da Eyvaz, N.Həsənzadənin "Pompeyin qafqaza yürüşü" də Uruz, V.Şekspirin "Kral Lir" də Edqar obrazlarını oynayır. İftixar Piriyev ancaq teatrdakı rolları ilə kifayətlənməyib, televiziya tamaşalarında da bir-birindən fərqli və vizual baxımdan rəngarəng obrazlar yaradıb. M.Muradın "Təkan", S.Budaqlının "Közərən eşqin işıqları", Ə.Hacızadənin "İtkin gəlin", Ə.Əylislinin "Ürək yaman şeydir" və "Oğulla görüş", R.Güntəkinin "Dodaqdan qəlbə", B.Vahabzadənin "Yağışdan sonra", A.Rəhimovun "Canavar balası" və "Qırmızı qar" və s. əsərlərdə yadda qalan obrazlar yaradır. Elə aktyorlar varki səhnədə maraqlı və baxımlı görülsələr də ekranda vüzuallıqlarını itirirlər. İftixar səhnədə də, ekranda da seçilə bilir və bu obrazlar ideya yükünə və baxımlılığına görə yaddaşlarda qalır. İftixar zəngin yaradıcı potensiala və ən əsası da axtarışa meyilli insandır. Mən həmişə ondan hansısa yenilik gözləmişəm. 1991-ci ildə o, həmfikirlərini ətrafına toplayıb, Milli Dastan Teatrını yaratdı və bu sənətin geniş təbliği üçün xeyli iş gördü. Onun aktyorluq bacarığı ilə yanaşı təşkilatçılıq və liderlik keyfiyyətləri də üzə çıxdı. Onun bu keyfiyyətlərini görən Mədəniyyət və Turizm Nazirliyi İftixarı Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpaçı direktoru vəzifəsinə təyin etdi. O bu işin öhtəsindən bacarıqla gəldi. Onun bu təcrübəsi nəzərə alındı və o keşməkeşli yaradıcılıq yolu keçmiş, taleyinə köçkünlük həyatı yazılmış İrəvan Dövlət Azərbaycan Teatrına direktor təyin olundu və artıq 15 ildir ki, bu tearın inkişafında müstəsna rol oynayır.
İftixar maraqlı aktyor, bacarıqlı teatr təşkilatçısı olmaqla bərabər həm də istedadlı dramaturqdur. Mən on un yazdığı bir neçə dram əsərləri ilə tanışam. Bu əsərlərdə obrazlılıq, dil axıcılığı, dramatik hadisələrin dəyişkən inkişafı, konflikt və gözlənilməz final diqqət çəkir. Onun yazdığı əsərlərdə sıradan biri olan adi bir insanın düşdüyü dramatik situasiyada xarakterində üzə çıxan qəribəlikləri təsvir etməkdə mahirdir. Hər bir əsərin adı əslində onun visit kartıdır. İftixarın dram əsərlərinin adları onların vizit kartı olmaqla yanaşı həm də mahiyyətidir. "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya kor Aşığın işığı", "Eşqin tikan dairəsi", "Qarışqalar yuvasını dəyişmir", "Arı yuvası", "Soyqrımı-tarixin dastranı", "İşıqlı nurlu sabah" adlı əsərlər dediklərimizin bariz nümunəsidir. İftixar dramaturgiyada olduğu kimi yazıçılıqda da özünü sınayıb. Onun yazdığı "Yaşadığım bir ömür", "Nə qəribə yuxuymuş", "Böyük Turanın himni" əsərləri bədii məziyyətləri ilə oxucuların rəğbətini qazanıb. Aktyor, teatr təşkilatçısı, dramaturq, yazıçı olan İftixar həm də incə qəlbli bir şairdir. Onun şeirləri rəngarəng poetik lövhələri xatırladır. Şeirlər sanki insanın gözü qarşısında canlanıb dil açır, hisslərimizin tərənnümçüsü olur.
İftixar Piriyev heç vaxt etdikləri ilə kifayətlənən insan deyil. O, tükənməz enerjisini indi də elm sahəsinə yönəldib və Elçin Əfəndiyevin dramaturgiyasının tədqiqi ilə məşğul olur. 2012-ci ildə İftixar "Müstəqillik dövrü teaarımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi" adlı elmi işini müdafiyə etməklə, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldı.
Son vaxtlar mətbuatda tez-tez onun "Qeyri səlis teatr düşüncəsi" nə həsr olunmuş araşdırmalarına rast gəlirəm. Maraqlı yanaşma tərzidir. İftixar Piriyev müxtəlif sahələrlə məşğul olsa da heç vaxt əsas peşəsi olan aktyorluğu unutmur. Onun 2009-cu ildə Aqşin Babayevin "Xilasgar", 2013-cü ildə özünün "Qurtuluş dastanı", 2014-cü ildə Hidayətim "Burdan min atlı keçdi" əsərlərində ulu öndərtimizin möhtəşəm obrazını yaratmışdı. Bu tamaşa Bakıda və Azərbaycanın bir çox bölgələrində uğurla nümayiş olunub.
Hələləlik bu qədər.
Elə bilirik ki, oxucuları 55 illik ömürə, 35 illik yaradıcılıq fəaliyyətinə səhayətə aparıb, sözlərlə yubilyarımızın portretini çəkə bildik.
Ömür davam edir. Hələ qarşıda neçə-neçə uğurlar İftixar Piriyev imzasını gözləyir.
P.S. İftixar Piriyevə həsr etdiyim "Sürət qatarının 55-ci dayanacağı" adlı portret yazımı sona çatdırdım. Ancaq anladım ki, bu portret yazı yox, olas-olsa portretə cizgilərdir. Nə etməli sözlər nə qədər ifadəli olsa da rəssam rənglərini əvəz etmir.
Yubilyara uzun ömür, möhkəm can sağlığı
və yaradıcılıq uğurları arzusu ilə
Çingiz Ələsgərli. Teatrşünas-dramaturq