Xalq artisti: “Oğlumun ölümü məni yıxdı”
17 Fevral 2015 19:40 MədəniyyətXalq artisti, tanınmış aktrisa Nuriyyə Əhmədovanın səhhətində müəyyən irəliləyişlər olsa da, o hələ də həkim nəzarəti altındadır. Aktrisa səhhətinin tamamən düzəlmədiyini deyib: "Həkimlər hər gün gəlib mənə baş çəkir, təzyiqimi ölçür, dava-dərman təyin edirlər. Sağ olsunlar, üstümdə əsirlər, amma stressdən çıxa bilmirəm. Çox əsəbiyəm, adi şeydən özümdən çıxıram. Həkimlər mənə dözümlü olmağı məsləhət görürlər. Oğlumun ölümü məni yıxdı, dirçələ bilmirəm. İndən belə çətin özümə gəlim. Sənətimlə təsəlli tapırdım, indən belə çətin ki, bu halımla sənətlə məşğul olum. Dünən gecə qəfildən halım pisləşdi, mənə boğulma gəldi. Həkimlər tökülüb gəldilər, iynə vurdular, sistem qoşdular. İndi də sistem altında danışıram. Dedilər ki, ürək çatışmazlığındandır. Hamısı dərddən, fikirdəndir. Neyləyim, özümü ələ ala bilmirəm". Göz yaşlarına hakim ola bilməyən aktrisa həmkarlarından da razılıq edib: "Sağ olsunlar, bütün dostlar gəlib, mənə baş çəkir. O gün xalq artisti Arif Quliyev yanıma gəldi, bir veriliş var, ora üçün çəkiliş edirdilər. Arif dedi ki, Nuriyyə, xəstə olsan da, camaat səni görmək istəyir". (publika.az)