“Turizm sektorunda peşəkar kadrlar hazırlanır”

"Son illər Azərbaycanda turizm sektorunda kadr hazırlığının daha da yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir, mühüm addımlar atılır". Bunu SİA-ya açıqlamasında Mədəniyyət və turizm nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov söyləyib. Bildirib ki, bunlardan da ən vacibi 2006-cı ildə cənab Prezidentin sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun yaradılması olub: "Bu da ölkəmizdə yüksək peşəkar kadrların hazırlığına xidmət edir. Daha sonra aşağı kateqoriyalı işçilərin peşəkarlığını daha da yaxşılaşdırılması, həmin sahədə olan mövcud problemləri aradan qaldırılması üçün Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılıb. Sözügedən peşə məktəbində ofisiant, aşbaz, turizm agenti, barmen, bufetçi, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, mühasib fərdi kompyuter operatoru, ekoloji turizm bələdçisi və başqa sahələrdə şagirdlər yüksək səviyyədə ixtisas almaları üçün hazırlaşırlar. Bu da mehmanxana və mehmanxana tipli obyektlərdə xidmət sahəsində çalışanların hazırlıqlarının yaxşılaşdırılmasına köməklik göstərir. Daha sonra isə dövlət başçısının mədəniyyət və turizm sahəsində güclü mütəxəssis bazasının və kadr potensialının formalaşmasına göstərdiyi böyük diqqət və qayğı baxımından ötən il xüsusilə yaddaqalan olub. Belə ki, Cənab Prezidentin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlayacaq Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Bu universitet qarşıdakı illərdə təhsilin bütün istiqamətlərində peşəkar kadr hazırlığına xidmət edəcək. Bu sərəncamdan irəli gələn məsələlərdən biri də odur ki, universitetin infrastrukturasının yenilənməsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31