“Sultan Süleyman” konsert verdi VIDEO
Onun çıxışı Argentina telekanalı tərəfindən canlı yayımlanıb
10 Fevral 2015 08:27 MədəniyyətTürkiyəli məşhur aktyor Halit Ergenç ötən günlərdə daha bir bacarığı ilə hamını heyran edib.
ANS PRESS-in məlumatına görə, bir müddət əvvəl Türkiyə telekanallarından birində yayımlanan "Muhteşem Yüzyıl" serialında canlandırdığı Sultan Süleyman obrazı ilə Azərbaycan tamaşaçısına tanış olan aktyor Halit Ergenç Kino Simfonik Orkestrinin müşayəti ilə musiqisevərlərə unudulmaz musiqi zövqü bəxş edib.
Konsertə Bülent Ortaçgilin "Beni Kategorize Etme" mahnısı ilə başlayan sənətçi "Resimdeki gözyaşları", "Sessiz gemi", "Kadınım" və "Ağlamak güzeldir" kimi mahnıları ifa edib.
O, uzun müddətdən sonra yenidən səhnəyə çıxaraq mahnı söyləməyin həyəcanını yaşadığını dilə gətirib. Aktyor bundan başqa, mahnı oxumağı çox sevsə də albom çıxarmağı düşünmədiyini vurğulayıb.
Onun möhtəşəm performansı Argentinanın "El Trece" kanalı tərəfindən "skype" bağlantısı ilə canlı yayımlanıb.
Qeyd edək ki, Halit Ergençin də baş rolunda çəkildiyi "Binbir gece" serialının Argentinada yayımlanmasından sonra ölkə mediasının bu aktyora marağının artdığı bildirilir.