İradə İbrahimova: “Onun səhvlərini ört-basdır eləmərəm”
4 Fevral 2015 11:31 MədəniyyətAiləm.az-ın təqdim etdiyi bu rubrikada siz məşhurların öz övladlarına nəsihət və məsləhətlərini oxuyursunuz. Qonağımız tanınmış müğənni İradə İbrahimovadır. Onun bir qızı var. Müğənninin övladının adı İpəkdir.
- Mənim üçün önəmli olan odur ki, övladım gələcəkdə sevdiyi, ürəyi istədiyi ixtisasa yiyələnsin. İşindən narazı həkim olmaqdansa, qaşqabaqlı vəkil olmaqdansa, istədiyi işlə məşğul olsun. Qalxıb deməsin ki, bu gün birinci gündür, mən işə getmək istəmirəm. Hər günü, hər anını sevə-sevə yaşaya biləcəyi iş olsun.
- Mən İpəyə heç bir şeyi qadağan etmirəm. Etməməli olduğu şeyləri ona başa salıram. Amma sonra deyirəm ki, sən özün bax, qərar ver. Deyirəm ki, bu mənim fikrimdir, sən özün necə fikirləşirsən? Bir insana qalxıb nəyisə qadağan etmək əsla olmaz. Sən öz fikrini söyləməlisən, seçimi ona buraxacaqsan. Əgər özünün istədiyini seçərsə və etdiyi şey yanlış olarsa, bundan dərs çıxaracaq. Allah hər kəsə ağıl verib. Bir daha səhvlərini təkrarlamaz ümid edirəm. Buna görə də mən heç nəyi qadağan etmirəm. Bir misal gətirim: şokolad yemək uşaqlarda iştahanı kəsir. Zərərli şeydir, faydalı deyil. Şokoladın faydasının olmadığını o bilir, bunu dəfələrlə həkimi də deyib. Mən də ona demişəm. Amma yenə də istəyəndə şokolad verirəm ona. Heç vaxt "yox", "olmaz" demirəm və evə şokolad gətirməmək kimi dərdim yoxdur. Amma onun zərərlərini yadına salmağa çalışıram.
- Övladımın gələcəkdə özü kimi olmağını istəyərdim. Öz xarakteri olsun, özü olsun! İnsanda insanlıq, sevgi hissi olmalıdır. Bu hər bir insanda çox böyük bir keyfiyyətdir. Bu keyfiyyətlər olandan sonra onun ətrafında hər şeyi toplaya biləcək.
- Hər bir valideyn kimi mən də övladıma zərər verə biləcək nə varsa, onlardan uzaq durmağını istəyərdim.
- Nə qədər yaxşı valideyn olub-olmadığımı necə müəyyən etməli? Bunu bilmirəm. Sadəcə olaraq övladımın davranışından, gələcəkdə cəmiyyətdə tutacağı yerindən, onun tanıyanların söylədiklərindən, həm də özümün kənardakı müşahidələrimdən bəlli olacaq ki, mən necə valideyn olmuşam. Şükürlər olsun ki, hazırda övladımdan məmnunam. Hər kəsə öz övladı yaxşıdır, əzizdir. Amma mən bir az çox tələbkar insanam. Onun tərbiyəsi mənim üçün hər şeydən önəmlidir. Tərbiyə barəsində sərt anayam. Övladım səhv edirsə, bunu ana olaraq heç vaxt dəstəkləmərəm. Onun səhvlərini ört-basdır eləmərəm.
- Ümumiyyətlə, övlad tərbiyə etmək, uşaq yetişdirmək dünyanın ən böyük, ən ağır işidir, məncə. Hazırda övladımın gələcəyini formalaşdırmağımın dərdindəyəm. Əlimdən gələn hər şeyi - təbii ki, doğru-dürüst olanları - ona verməyə çalışıram ki, gələcəkdə övladım səhv etməsin. Mən sabah ona sərbəstlik vermək məcburiyyətində olacağam. Bu sərbəstlikdən o necə istifadə edəcək? Bütün bunların təməlini qoymaq dərdindəyəm. Ona görə deyirlər ki, uşağı böyütmək yox, onu yetişdirmək çətindir. Böyüməyə nə var ki? Özü böyüyür. Hər şey yetişdirməkdən asılıdır. Onun gələcəyi üçün əlimdən gələni edirəm.
- Ailəmizdə bizi birləşdirən sevgidir. Biz bir-birimizə bol sevgi, dəyər veririk. Qızım İpəkdə də bunların cəmlənməsini istərdim.
- Qızım ailə həyatı quranda qarşılıqlı hörmətə üstünlük verməlidir. Təbii ki, hər bir təcrübəni yaşayıb biləcək. Mənim söylədiklərimdən savayı, bəzi şeyləri özü yaşamalıdır, praktikası olmalıdır ki, başa düşsün. Təbii ki, hər şeyin başı hörmət və sevgidir. Sevgini və hörməti saxlasa, ardı gələcək.