Bayağı müğənnilər səhnədən sıxışdırılıb çıxarılmalıdır

Rövşən Məmmədli: “Şou biznes adı ilə Azərbaycanın tarixən formalaşmış zəngin musiqisinin məhvi prosesi gedir”

Azərbaycan teleməkanını zəbt edən şou proqramlar mədəniyyət və incəsənət sahəsindən anlayışı olmayan yüzlərlə insanın əlinə mikrafon alaraq müğənniyə çevrilməsinə şərait yaradıb. Vəziyyət o həddə çatıb ki, istənilən bir adam asanlıqla televiziyaların şou proqramlarına yol taparaq öz "məharəti"ni nümayiş etdirə bilir. Nəticə isə ondan ibarətdir ki, artıq ölkədə çoxsaylı müğənni ordusu yaranıb. Bu cür vəziyyət nəinki bu sahənin mütəxəssisləri, tənqidçi və araşdırmaçıları, eyni zamanda siyasət adamlarını, hüquqşünasları da artıq narahat etməyə başlayıb. Bir çoxları hesab edirlər ki, yetişməkdə olan "müğənni" ordusunun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var.

Elə vəkil Rövşən Məmmədli də bu qənaətdədir. Hüquqşünas deyir ki, bu gün Azərbaycanda 7777 müğənni var. Ancaq təəssüf ki, bunların içində əsil müğənni kimi 7 müğənni ola, ya olmaya: "Tarix boyu Azərbaycanda bu qədər müğənni olmayıb. Bu gün səsyazma studiyaları, səsgücləndiricələr və şadlıq evlərinin bolluğu imkan verir ki, bir az səsi olan Fatmanisə nənə də gedib müğənni olsun. Toydur da necə istəyirsən oxu, xalqın musiqi zövqünü korla, xalq mahnılarımızı məhv elə". Rövşən Məmmədlinin sözlərinə görə,  bu gün bu sahədə böyük bir biznes yaranıb: "İstedadsız şairlər mahnılar yazır, istedadsız bəstəkarlar bu mahnıya mənasız bir musiqi bəsləyir. Ortabab bir müğənni də toylarda onu oxuyur.  Bəzi pulgir televiziya kanalları da onların tərifini göyə qaldırır. Guya bununla  reytinq qazanırlar. Toylardan qazanılan pullar bu biznes birliyinin ətrafında toplananlar arasında paylanır. Hərə öz mərhələsində payını alır. Sonra hamısı birləşib xorla oxuyurlar ki, bəs Azərbaycanda şou biznes var". Hüquqşünas hesab edir ki, əslində şou biznes adı altında xalqı soymaq və Azərbaycanın tarixən formalaşmış zəngin musiqisini məhv etmək prosesi gedir: "İndiki müğənnilərimizin əksər hissəsi Məşədibad kimi ona-buna pul paylamaqla məşğuldur ki, gic-gic mahnılar yazılsın, səviyyəsiz musiqilər bəstələnsin, televiziyalar reytinqlərini artırsın və çoxlu toylara gedə bilsinlər. Nəticə etibarilə pul qazansınlar və bir hissəsini də həmin televiziya kanallarına paylasınlar. Acı da olsa bu bir gerçəklikdir. Hesab edirəm ki,  bu halın qarşısını nə aidiyyəti hökumət qurumları, nə də xalq ala bilmir. Odur ki, yük yenə istedadlı musiqiçilərimizin, xalqını və xalqının zəngin musiqi xəzinəsini sevənlərin və onlardan qidalananların üzərinə". Rövşən Məmmədlinin sözlərinə görə, istedadlı, talantlı musiqiçilərimiz, bəstəkarlarımız bu işlə məşğul olmalı, bu qədər istedadsız zümrəni sıxışdırıb səhnədən çıxarmalıdırlar: "Məhz bu istedadsız müğənnilərin günahıdır ki, bu gün əsil xalq mahnılarımız, musiqimiz sıxışdırılıb bir kənara atılıb. Çünki, onları bu istedadsız müğənnilər oxuya bilmirlər. Bunu bildikləri üçün xalq musiqimizə, xalq mahnılarımıza qarşı bir səlib yürüşü aparır, onları geri qalmış, dəbdən düşmüş adlandırır, özlərinin cırcırama mahnı, musiqilərini gözə soxurlar. Bütün səhnə mədəniyyətini də özlərinə sayaq məhv edir, ağıllarına gələn hər cürə şit hərəkətlərə, əxlaqsız sözlərə yol verirlər. Hesab edirəm ki, bu gün əsil istedadlı musiqiçilərimiz, müğənnilərimiz, televiziya aparıcılarımız, bir sözlə milli qeyrəti olan, xalqını və xalqının zəngin musiqi sərvətini sevənlər hərəkətə gəlməlidir. Artıq musiqimiz üçün bəlaya çevrilmiş bu cırcırama mahnı oxuyanları sənhələrdən uzaqlaşdırmaq lazımdır. Bunun üçün ilk növbədə talantlı müğənnilərimiz, istedadlı musiqi xadimlərimiz hərəkətə keçməlidirlər".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31