Azərbaycan diasporuna ağır itgi üz verib
12 Yanvar 2015 09:49 Mədəniyyət20 ildən çoxdur Niderland Krallığında yaşayan Azərbaycan diasporunun fəal nümayəndəsi, yazıçı Gülşən Kazımova-Atəş vəfat edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, neçə vaxtdır ağır xəstəlikdən əziyyət çəkən Gülşən Kazımova-Atəş Haaqa şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Yanvarın 12-də mərhumla vida mərasimi təşkil olunacaq, daha sonra onun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn ediləcək. 1961-ci il noyabrın 8-də Bakı şəhərində anadan olan Gülşən Kazımova-Atəş Azərbaycan Yazıcılar Birliyinin və Niderland Yazıcılar İttifaqının üzvü idi. Hollandiyada tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı ölkə ictimaiyyəti və mətbuatında tanınırdı. Gülşən Kazımova-Atəş 2006-cı ildə Niderlandda nəşr edilmiş "Nəslimizin qızları" adlı kitabına görə 2009-cu ildə Rusiyada keçirilən ədəbiyyat müsabiqəsində ilk yeri qazanmışdı. Niderlandda fəal diaspor nümayəndəsi kimi tanınan Gülşən xanım Avropadakı azərbaycanlı qadınların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların hüquq və azadlıqlarının qorunmasına yardım göstərmək məqsədilə 2004-cü ildə "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyini yaratmışdı. O, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci il iyulun 4-də mədəniyyət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi" fəxri adına layiq görülüb.