Xalq artisti Avropaya getməyə hazırlaşır
7 Yanvar 2015 14:34 MədəniyyətXalq artisti Mənsum İbrahimov gənc müğənnilərdən razıdır. Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni son vaxtlar gənc ifaçıların muğama həvəsini təqdirəlayiq hesab etdiyini deyib: "Gənclərimizin, estrada ifaçılarımızın muğamı öyrənmək istəməsi məni çox sevindirir. Ona görə ki, öz musiqilərini öyrənirlər. Həm də savadlı ifaçılar olurlar. Çünki bütün musiqinin bünövrəsində muğam dayanıb, bu aləm onun üzərində qurulub. Ona görə də, hər hansı bir estrada müğənnisi mənə muğamı öyrənmək üçün müraciət edəndə sevə-sevə qəbul edirəm". Yeniliklərindən danışan muğam ifaçısı müsabiqədə münsif kimi çıxış edəcəyini söyləyib: "Müsabiqələrimiz başlayır: həm beynəlxalq muğam müsabiqəsi, həm də televiziya muğam müsabiqəsi. Mən də orada münsif kimi iştirak edirəm, eyni zamanda mənim tələbələrim də müsabiqədə olacaqlar. Artıq gələn həftədən etibarən bölgələrdə seçimlərə başlayırıq və sonda yeni səsləri təqdim edəcəyik. Bu il işlərim çoxdur, səfərlərim var. Bu yaxınlarda Avropa ölkələrindən birinə gedəcəm".