Elzadan icra başçısına cavab

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bəstəkar-müğənni Elza Seyidcahanı ağır ittiham edib: "Mənim onunla heç bir tanışlığım yoxdur, ola da bilməz. O cür adamlara təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram". Elza Seyidcahanın Əhəd Abıyevin sərt ittihamına cavabı özünü çox gözlətməyib. Milli.Az xəbər verir ki, müğənni aznews.az-a açıqlamasında deyib ki, o, Azərbaycanı bir çox layihələrdə qarış-qarış gəzib, ancaq heç vaxt Əhəd Abıyevlə qarşılaşmayıb: "Allah canını sağ eləsin. O, məndən yaşca böyükdür. Nə deyibsə, deyib. Mən xanımam, nalayiq, kobud sözlər işlətmərəm". Bəstəkar Ə.Abıyevə cavab verməyəcəyini vurğulayıb: "Dedikləri o insanın şəxsi fikridir. Elə insanlar var ki, mənim yaradıcılığım onlara mənfi təsir edir. Bu, təbiidir. Hətta mən bunu alqışlayıram. Hörmət edirəm ki, o insan hisslərini açıqca deyir. Belə insanlara hörmət edirəm. Xahiş edirəm ki, mənim də fikirlərimə hörmətlə yanaşsınlar". Elza Seyidcahan millət vəkili olmaq istəyinə də aydınlıq gətirib: "Niyə də olmasın? Bəlkə, gələcəkdə millət vəkili olaram. Bu, hər bir azərbaycanlının arzusudur. Amma bu, mənim ürəyimdən keçməyib. "Millət vəkili olmaq istəyirsinizmi?" sualına cavab verərkən demişəm ki, niyə də olmasın. Mənim çətin sənətim var. Amma buna baxmayaraq, millət vəkili olsam, yenə də sənətimə biganə qalmaram. Çünki məndə o güc, enerji var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31