"Nazpəri 25 min manatı tam ödəyəcək" - İlhamənin vəkili
22 Dekabr 2014 17:14 Mədəniyyət"Dekabr ayının 26-na təyin edilən məhkəmədə Xalq artisti Nazpəri Dostəliyevanın tələbi təmin olunmayacaq". Lent.az xəbər verir ki, bunu aznews.az-a xalq artisti İlhamə Quliyevanın vəkili Pərviz Hacılı bildirib. O, qarşı tərəfdən 25 min manat cərimənin hissəli halda deyil, birdən ödəniləcəyini tələb edəcək: "Nazpəri Dostəliyeva 25 min manat cərimənin hissəli halda ödənilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə İlhamə xanımın xeyrinə qərar çıxardı. Bundan sonra Nazpəri xanım həmin qərardan Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Proses dekabrın 26-da keçiriləcək. Qarşı tərəf istəyir ki, 25 min manatı hissə-hissə ödəsin. Biz isə məhkəmədən tələb edəcəyik ki, Nazpəri xanımın iddiası təmin olunmasın. Söhbət bağlanıb. O, 25 min manatı nağd ödəyəcək". Xatırladaq ki, xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın arasında gedən məhkəmə çəkişməsinə Ali Məhkəmədə baxılıb və yekun qərar verilib. Ali Məhkəmənin qərarına əsasən, Nazpəri Dostəliyeva 25 min manat cərimələnib.