Hədiyyə almağa öyrəşməyən müğənni-Elariz Məmmədoğlu
Elariz Məmmədoğlu: “Özüm bəstələdiyim mahnılar üzərində çalışıram”
17 Dekabr 2014 10:32 MədəniyyətTanınmış müğənni Elariz Məmmədoğlu ilə müsahibəmiz onun doğum gününə- yəni dekabrın 17-nə təsadüf etdi. Söhbətimizdə müğəninin hal-hazırda nə ilə məşğul olması ilə maraqlandıq, həyatına qısa bir nəzər saldıq. Elə ilk sualımız doğum günü ilə bağlı oldu.
-Elariz bəy, doğum gününüzü geniş şəkildə qeyd etməyi sevirsiniz, yoxsa sadəcə ailə mühitində keçirəcəksiniz?
-Doğum günümü geniş şəkildə yox, sadəcə ailəmlə birlikdə, övladlarımla keçirəcəyəm.
-Bəs hədiyyə almağı xoşlayırsınız?
-Hədiyyə verməyi xoşlayıram, almağı deyil. Hədiyyə almağa öyrəşməmişəm. Birinə hədyyə verib o insanı sevindirəndə adam ləzzət alır.
-Daha çox kimlərə hədiyyə verirsiniz?
-Ailə üzvlərimə, dostlar və qohumlarıma hədiyyə verməyi xoşlayıram. Nə çox ucuz, nə də baha olmayan hədiyyələr alıram. Lazımlı, mənəvi dəyəri olan hədiyyələrə üstünlük verirəm.
-Bu gün yaradıcılıq sahəsində hansı yeniliklər üzərində çalışırsınız?
-Müğənninin yenilikləri mahnıları ilə bağlıdır. Yeni mahnılar üzərində çalışıram. Öz bəstələdiyim mahnıların üzərində işləyirəm. Şair Sərvər Şahbəlinin, şairə Nəcibə İlkinin sözlərinə mahnılar bəstələmişəm. Ümumiyyətlə, sözlərin mənası olmalıdır. Mənası olan sözlərə mahnı bəstələnəndə mahnı çox yaxşı olur. Bayağı sözlərə bəstələnmiş mahnılar üç aylıq olur. Üç aydan sonra yaddan çıxır.
-Daha çox lirik mahnılar yazırsınız?
-Şən mahnılar da var, lirik mahnılar da. Yeni il çəkilişlərində bu mahnılarla tamaşaçıların qarşısında çıxış edəcəyəm.
-Lenin rolunun öhdəsindən çox yaxşı gəlmisiniz. Seriallarda, tamaşalarda çəkilmək istərdinizmi?
-Restoranların birinin reklamında Lenin rolunu oynamışam. Mənə rolun çox yaxşı alındığını deyirlər. Bu rolu artıq ikinci dəfədir ki, oynayıram. Bir neçə il bundan əvvəl də bir dəfə oynamışdım. Təkrar rolu verdilər. Əlbəttə ki, daha geniş hansısa bir tamaşada böyük bir ssenari ilə bu rolu və ya başqa bir rolu oynamaq istəyərdim. Amma nəsə son vaxtlar belə təkliflər çox azdır. Əvvəllər tək mənə yox, digər müğənnilərə də belə təkliflər olurdu. Indi isə ümumiyyətlə yoxdur.
-Təklif olsa, dəyərləndirərsiniz?
-Əlbəttə ki, belə bir təklif olsa hansısa bir rolu canladıraram.
-Bildiyimə görə siz "İrs" ansamblında da çalışmısınız. Milli musiqimizə münasibətiniz necədir?
-Hal-hazırda mən estrada janrında çalışıram. Amma kökümüzə bağlanaraq. Mən əvvəllcədən təhisl almışam. Muğamlarımızı öyrənmişəm. "İrs" folklor ansamblında çıxışlar etmişəm.
Vaxtilə milli mahnılar oxumuşam. Bizim estradamız da, simfonik və kamera musiqimiz də hamısı folklorumuza bağlanmalıdır. Mən də bu ənənəyə sadiq olaraq öz işimi qurmuşam, bu gün mən milli esradamızla məşğulam. İndi oxuduğum estrada janrı bizim kökümüzə bağlıdır.
-Mahnılarınıza klip çəkdirəcəksiniz?
-Əlbəttə ki, yeni kliplər olacaq. Fikrim var ki, yeni mahnılarıma yeni kliplər də çəkdirim. İmkan daxilində...
-Şou-biznez aləminin mənfi və müsbət xüsusiyyətləri barəsində nə deyə bilərsiniz?
-Azərbaycanda bu sahənin mənfi və müsbət tərəfləri var. Mənfi tərəfi odur ki, şou-biznesimiz ancaq toylarda çıxışlardan asılıdır. Müsbət xüsusiyyətlər ondan ibarətdir ki. yavaş-yavaş olsa da, şou-biznes inkişaf edir. Incəsənət inkişaf edir. Yeni mahnlıar yazılır. Sadəcə olaraq incəsənətin toyxanalaşmasını bəyənmirəm. Konsertlər, onları təşkil edən insanlar olsaydı yaxşı olardı.
-Elariz bəy həm də gənc babadır. Babalıq duyğusu necə bir hissdir?
-Çox yaxşıdır baba olmaq. Nəvələrimi çox sevirəm. Ümumiyyətlə, baba olmaq çox gözəl hissdir. Hər kəsə arzulayıram.
-Qarşıdan yeni il gəlir. Ümumiyyətlə, bayramları ailənizlə birlikdə keçirə bilirsiniz?
-Əlbəttə, bizim hər zaman xoşladığımız kimi həyat tərzimiz olmur. Sənət adamlarının işi ilə bağlıdır bu. Yeni il daxil olanda, 31 dekabrdan 1 yanvara keçən gecə mən ailəmlə ola bilməyəcəyəm. İş başında olacağam. Amma şikayət etmirəm. Bu mənim işimlə bağlıdır. Mənim taleyim, həyat tərzimdir. Belə də olmalıdır. Çünki insanlar istirahət edərkən mən onlara xidmət etməliyəm.
Aygün