Cənnət Səlimova vəzifədən kənarlaşdırıldı

Xalq artisti fəaliyyətini quruluşçu rejissor kimi davam etdirəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünə start verib. Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatına görə, bu münasibətlə sentyabr ayının 1-də teatrda keçirilən toplantıda Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev çıxış edib. Giriş sözü ilə çıxış edən Ə.Vəliyev Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85-ci mövsümə qədəm qoyması münasibətilə teatrın kollektivini ürəkdən təbrik edib, Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin təbrikini və salamlarını kollektivə çatdırıb.
Açılış mərasimində teatrın baş rejissoru Cənnət Səlimovanın vəzifəsindən kənarlaşdığı elan edilib. Ömrünü teatr sənətinə həsr edən və bu yolda əhəmiyyətli uğurlara imza atan xalq artisti Cənnət Səlimovanın yaş senzi ilə əlaqədar əməkdar İncəsənət xadimi Bəhram Osmanovla əvəz olunub.
Ə.Vəliyev C.Səlimovanı teatr sənətindəki uzun illik fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, pul mükafatı, gül dəstəsi ilə mükafatlandırıb, Azərbaycan teatr sənətindəki uzun müddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirərək ona təşəkkürünü bildirib. Qeyd edilib ki, xalq artisti bundan sonra da öz fəaliyyətini quruluşçu rejissor kimi davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31