Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümə qədəm qoydu
Bu münasibətlə teatrda toplantı keçirilib
3 Sentyabr 2012 15:33 MədəniyyətGənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünə start verib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə bu münasibətlə teatrda keçirilən toplantıda Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev çıxış edib. Nazir müavini Milli Dünyəvi Peşəkar Teatrının 140, Gənc Tamaşaçılar Teatrının 85-ci mövsümə qədəm qoyması münasibətilə teatrın kollektivini ürəkdən təbrik edib. 2012-ci ilin sentyabr-dekabr aylarında ölkəmizin ev sahibliyi edəcəyi Beynəlxalq tədbirlər haqqında ətraflı məlumat verən nazir müavini noyabr ayının 5-7-də baş tutacaq Azərbaycanda II Beynəlxalq Teatr Konfransının önəmini xüsusilə diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk dəfə 2010-cu ildə həyata keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" adlı Beynəlxalq Teatr Konfransı təcrübə mübadiləsi zəminində olduqca uğurlu olmuşdur. Daha sonra nazir müavini Ölkə başçısının müvafiq fərmanına uyğun olaraq yaş senzi ilə bağlı qərara da aydınlıq gətirib. Ömrünü teatr sənətinə həsr edən və bu yolda əhəmiyyətli uğurlara imza atan teatrın baş rejissoru, Xalq Artisti Cənnət Səlimovanın yaş senzi ilə əlaqədar Əməkdar İncəsənət xadimi Bəhram Osmanovla əvəz olunduğunu diqqətə çatdırıb. Ə.Vəliyev C.Səlimovanı teatr sənətindəki uzun illik fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, pul mükafatı, gül dəstəsi ilə mükafatlandırmış, teatr sənətindəki uzun müddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirərək ona təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, Xalq artisti bundan sonra da öz fəaliyyətini quruluşçu rejissor kimi davam etdirəcəkdir.