Brilliant, Röya və Xumarın səsi batarsa...

Bu gün çağdaş estradada az qala hər kəsin səsinə bələdik. Ancaq bir çox yaxşı ifaçılarımızın səsinin batmasının şahidi olmuşuq. Maraqlıdır, bizim daima dinlədiyimiz məşhurların səsi batanda nə baş verir? Ümumiyyətlə, əgər ifaçının səsində problemlər yaranarsa, o nə etməlidir?

Ailem.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün bir neçə məşhura müraciət edib. Eyni zamanda bu işin bilicilərindən də münasibət öyrəndib.

Xalq artisti Briliant Dadaşova: "Müğənni səsi batan zaman dincəlməlidir. Yuxusunu tam almalıdır. Yavaş səslə danışmalıdır, yarım səslə yəni. Mütləq stressdən uzaq dayanmaq, siqaret çəkməmək və içki içməmək lazımdır. Ancaq səs varsa, batıq səslə belə, müğənni özünü vəziyyətdən çıxarda bilər. Bu, təbii ki hər zaman fonoqramla ağzını açıb-yummağa öyrənmişlərə aid deyil.

Bəzi müğənnilər deyir ki, gərək içki, əsasən də konyak içəsən. Amma mən 30 illik təcrübəmdə bunu heç vaxt etməmişəm. Ondan sonra səs daha da çox batar. İçki bir müddət qan dövranını tezləşdirir. Amma səs tellərinə daha çox ziyan verir".

Müğənni Röya Ayxan: "Mənim də səsim batmışdı, hətta səs tellərim qırılmışdı. Əsəbiləşəndə ağlayıb-qışqırıram axı. Amma tez bərpa olundu. Fikrimcə, səs batanda ümumiyyətlə danışmaq olmaz. Ən yaxşısı budur. Bir də bir dərman mövcuddur. Nəfəs yollarını açır, adı dəqiq yadımda deyil. Ancaq bütün apteklərdə satılır".

Müğənni Xumar Qədimova: "Reklam üçün, PR üçün çalışanlara səsinin batması o qədər də çətin gəlməz. Ancaq səsi və ürəyi olan müğənni üçün bu, faciəyə bərabərdir, hətta dözülməz ola bilər. Düşünürəm ki, səsim batsa, bircə təsəllim olar, bəslədiyim mahnılar. Düzdür, mən bir az eqoistəm, ərsəyə gətirdiyim mahnıları özümdən başqa kimsəyə verə bilmirəm. Ancaq bu halda yazıb, başqalarına verərəm. Deyirlər ki, içki və siqaret səsi batıra bilər. Mən belə düşünmürəm. Düzdür, bu sadaladıqlarımdan heç birini qəbul etmirəm. Ancaq hətta etsəm belə, düşünmürəm ki, bu, mənim səsimi batıra bilər. Çünki mən ürəyimlə oxuyuram. Mənim səsimi əhvalımdan başqa heç nə korlaya bilməz. Səsimi ruhum idarə edir".

Müğənni Nura Suri: "Mənim fikrimcə bütün hallarda mütləq həkimə müraciət etmək lazımdır, özü də təcili sürətdə.  Mənim səsim batmışdı, həkimə müraciət etdim".

Müğənni Günay İbrahimli: "Bir neçə yollarını bilirəm. Kim hansını bacarır, onu da etməlidir. Oxumadan yarım saat öncə konyak içmək olar. Bu içki boğazı qızışdırır və səs düzəlir. Əgər səs əsəbdən batıbsa, gərək danışmayasan və sakitləşəsən, az danışasan. Aptekdə bir qara dərman satırlar, 13 manatdır, adı da "Vokalizon"dur. O, nəfəs yollarını yaxşıca açır".

Müğənni Afaq Aslan: " Müğənninin səsi batanda yumurta sarısı içməlidir".

Bəstəkar Aygün Səmədzadə: ""Validol"u isti suya atıb, inqalasiya kimi qəbul etmək olar. Ancaq tez-tez bunu etmək məsləhət deyil. Əgər səs batma ehtimalı yaranırsa, quru meyvələr və çərəz, günəbaxan tumları yemək olmaz. Tarixdə də belə bir hadisə var, o zamanlar qonaq gələn ifaçıların qarşısına sadaladığım qidaları qoyan zaman onlar bunu təhqir kimi qəbul edirdilər. Bir də içki qəbul edən müğənnilər var. Oxumadan öncə konyak içirlər. Düzdür, mən bunu heç tövsiyə etmirəm, ancaq çarəsiz vəziyyətdə konyak içib, səsi düzəltmək də olar. Səsi düzəltmək üçün heyvanı qaynadıb, ondan qalanı içmək də olar. Və bütün hallarda ən gözəl vasitə həkimə getməkdir".

Uzun illərdir müğənnilərlə çalışan prodüser Tarix Əliyev: "Süd və bal içmək lazımdır. Və bütün müğənnilərin müraciət etdiyi İradə həkim var, onun yanına getmək lazımdır".

Lorinqoloq Arzu Bagişeva: "İlk növbədə həkimə müraciət edib, məsələnin səbəbini tapmaq lazımdır. Səs telləri çox incə məsələdir və müğənni üçün ən həssas hissədir. Ona görə problemin kökünü tapmaq ilk şərtdir. Sonra müxtəlif vasitələr mövcuddur. İnqalasiyalar qəbul etmək məsləhətdir. Bir də "vokalizon" adlı dərman var. Onu qəbul etmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31