Gənc musiqiçimiz Azərbaycanı uğurla təmsil edir
8 Dekabr 2014 13:47 MədəniyyətFinlandiyada yaşayan kiçikyaşlı soydaşımız Aylin Cabbarlı populyar fin pop müğənnisi Diandra Floreslə eyni səhnəni bölüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, gənc sənətçi artıq ikinci dəfədir balaca həmyerlimizi öz konsertinə dəvət edir. Birincisi Finlandiyanın Vanta, ikincisi isə Numella şəhərində keçirilmiş və mindən çox tamaşaçının iştirak etdiyi konsertlərdə Aylin Cabbarlının çıxışı maraqla qarşılanıb. Aylin Cabbarlı həmyaşıdları ilə birgə konsertdə iki mahnı ifa edib. Konsertin sonunda tamaşaçılar Diandra Floreslə yanaşı, Aylin Cabbarlıdan da imza istəyib. Diandra Flores yaxın gələcək üçün nəzərdə tutulmuş konsertlərində Aylinlə birgə çıxış edəcəyinə söz verib. 12 yaşlı Aylin Cabbarlının ailəsi 10 ildən çoxdur ki, Finlandiyanın Espoo şəhərində yaşayır. Musiqi dərslərini anası Ulviyyə Cabbarlıdan alan Aylin AzərTurk Gənclər Təşkilatının nəzdindəki musiqi qrupunun üzvüdür. Bu ilin oktyabrında Finlandiyada keçirilən "Uşaqların səsi" musiqi yarışmasına qatılan Aylin Cabbarlı yarımfinaladək uğurla çıxış edib. Balaca həmyerlimiz musiqi müsabiqəsinin münsiflər heyətində olan Diandra Floresin komandasında yarışmışdı.