“Nənənin kələyi” aktyoru kələyə saldı: MDDT-da nə baş verir?

İbrahim Salamov: “2 il əvvəl şəxsimə qarşı yönəlmiş “qara piar kampaniyası”-na yenidən start verilib”

Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Salamov sözügedən mədəniyyət müəssisəsində müəllif hüquqlarının pozulması barədə "Olaylar"-a məlumat verib. O, uzun müddətdir ki, quruluş verdiyi "Nənəmin kələyi" adlı tamaşanın məşqlərini dayandırdığını bildirib. "Tamaşanın məşqləri vaxtı tutulan iradlar əleyhimə çevrildi. Bütün bunları əsassız saydım və etiraz etdim. Töhmətin verilməsindən sonra isə məşqləri dayandırdım. Bu oyunların səbəbkarları araşdırılır. Hələ 2 il əvvəl teatrda şəxsimə qarşı yönəlmiş "qara piar kampaniyası"-na tamaşanın təhvil verilməsinə 3 gün qalmış yenidən start verilib. Hələ də nələrin baş verdiyini anlamıram. Məsələ ilə əlaqədar aidiyyatı orqanlardan cavab gözləyirəm. Əsassız töhmətdən sonra onun ləğv edilməsi üçün yazılı müraciət etmişəm. Bildirmişəm ki, yalnız töhmətin ləğvindən sonra tamaşanın məşq və təhvil verilməsi prosesinə başlayacam" - deyə İ.Salamov qeyd edib. Aktyor artıq teatrın reklam lövhəsinə vurulmuş afişaların yığışdırıldığını da bildirib. Qeyd edək ki, İbrahim Salamov MDDT-nın ali dərəcəli aktyorlarından biridir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31