Xan qızına aid yeni sənədlər.....

 Xurşidbanu Natəvan -180

Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində XIX əsrin tanınmış şairi Xurşidbanu Natəvanla ilgili bir çox materiallar saxlanılır. Materialların çoxu Zaqafqaziya Şiə İdarəsinə aid 290 nömrəli fondda toplanmışdır.  Tərtibinə1890 -cı ilin  martın 21-də  başlanmış  sənədlər toplusu yeddi  vərəqdən ibarətdir.
    Həmin sənədlər  şairin tərcümeyi -halını    dərindən öyrənmək baxımından çox maraqlıdır. Yeddi səhifədən ibarət olan sənədlər toplusunun başlığı  onun məzmununudan xəbər verir: 

"Şuşa şəhərinin sakini mərhum general-mayor  Mehdiqulu xanın qızı  Xurşid Banu Bəyimə    onun sonsuz mərhum David xan  Ağalarov Cavanşirlə qohumluğunu  təsdiq  edən  şəhadətnamə  verilməsi haqqında".( По прошению  жителька  гор. Шушу  Хуршид Бану Бегумы  дочери  покойного  генерал- майора Мехти  Кули  хана  и выдать ей  свидительство  и ее  родстве  с бездетно умершим Давид  ханом Агаларовым  Джеваншир)

Materiallardan aydın olur ki,Tiflisdə Cavanşirlər nəslindən David xan Ağalarov Cavanşir   vəfat etmişdir. Cavanşirlər nəslindən bir neçə adam özünü David xanın birbaşa  qohumu hesab edir,  varissiz ölən David xanın  mirasına sahib olmaq fikrinə düşür. 
    David xanla qohumluğunu təsdiq etmək üçün Xurşid Banu Bəyim   daha diribaş  tərpənir, Zaqafqaziya Şiə Ruhani İdarəsinin Sədrinə - Şeyxülislam  Axund Mirzə Həsən Tahirova müraciət edir. Xan qızı  Xurşid Banu Bəyimi, onun əslini, nəslini yaxından tanıyan  , əslən  şuşalı olan şeyxülislam tərəddüd etmədən sənədləri cəmi altı günün ərzində hazırlayıb , ərizəçiyə çatdırır. Sənədləri Şeyxülislamla yanaşı , Ruhani İdarəsinin üzvləri -  Axund Molla Mustafa Talıbzadə və Axund Hacı Məmmədhəsən Mollazadə imzalamışdır.
    Sənədlər Cavanşirlər nəslinin ailə şəcərəsini öyrənmək baxımından  çox əhəmiyyətli görünür.
    Xurşid  Banu Bəyim   mərhum general -leytenant İbrahim xanın oğlu mərhum general-mayor Mehdiqulu xanın doğma və qanuni qızıdır. Xurşid Banu Bəyimin anası Bədircahan Bəyim  Uğurlu xan qızı Ziyadxanovadır. General Mehdiqulu xan  general-leytenant  İbrahim xan Cavanşirin oğlu  mərhum Əhməd xanın  yeganə qardaşıdır
   Əhməd xanın oğlu general -leytenant Həsən bəy Ağalarovdur. David xan General-leyenant  Həsən bəy Ağalarovun oğludur.
   Şəhadətnamə 1890-cı il martın 27-də imzalanmışdır.
                                        **

... Qocalığında kasıb həyat tərzi keçirən Xan qızının  ölümünə hələ  yeddi il qalırdı.

***

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyat bölməsinin üzvü,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31