Koreyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya kinosu festivalı başlanıb
28 Noyabr 2014 17:42 MədəniyyətNizami Kino Mərkəzində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya kinosu festivalı başlanıb. Açılış mərasimində çıxış edən SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova Azərbaycan-Koreya əlaqələrinin əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Diqqətə çatdırılıb ki, festival Koreya Fondu və SEBA Assosiasiyası arasında oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən ilk tədbirdir. Festivalın Koreya baş nazirinin Azərbaycana rəsmi səfərinə təsadüf etməsi də çox əlamətdar haldır.
Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Ço Taeyonq iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etməsindən məmnunluğunu bildirib. Festivalın əhəmiyyətindən söz açan qonaq SEBA Assosiasiyasının Koreya mədəniyyətinin Azərbaycanda tanınmasında fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, mədəniyyət illər keçdikcə iki xalqı bir-birinə daha da yaxınlaşdıracaq.
festival noyabrın 30-dək davam edəcək. Festivalın proqramına 10 filmin nümayişi daxildir. ("OLAYLAR"İA)