Müğənnilərin yataq davası

Hüquqşünas: “Kiminsə harada, kiminlə yatıb-durmasının ictimai əhəmiyyəti yoxdur”

Yenə də müğənnilərin bir-birini təhqir etməsi məhkəmədə çözüləcək. Bu dəfə məhkəmədə çəkişən tərəflər Nazəninlə Təranə Qumraldır. Təranə Qumral haqqında "onu ərimnən tutmuşam", deyən Nazənin qarşı tərəfdən adekvat cavab alandan sonra onu məhkəməyə verib. "Hansı əriynən? Onun yeddi əri var, hansıynan olmuşam?"  Məhz bundan sonra Nazənin həmkarını məhkəməyə verəcəyi ilə hədələdi. Hazırda iş Nərimanov rayon məhkəməsindədir. Bəs burada əslində günah kimdə olub? Birinci təhqirə yol verən Nazənində, yoxsa ona cavab verən Təranə Qumralda?

AZE hüquq şirkətinin hüquqşünası Vüsal Kazımzadə bidirib ki, ümumiyyətlə, heç kəsin digərinin ailə, intim münasibətlərini müzakirəyə çıxarmaqla onun şəxsi həyatına müdaxilə etmək səlahiyyəti yoxdur. "Bu, birmənalı şəkildə insanın şəxsi həyat sirlərinin, şəxsi həyatına dair məlumatların yayılmasıdır ki, qanunla qadağan olunur. Azərbaycan qanunvericiliyi, həmçinin, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar da şəxsi həyatın toxunulmazlığını insan hüquqlarının əsas prinsiplərindən biri kimi qəbul edir və qoruyur. Təəssüf ki, müğənnilər, sənət adamları arasında bir-birinə qarşı nalayiq formada ittihamlar, təhqirlər, bəzən şəxsi həyatın sirləri hesab edilən məlumatlar yayılır. Kiminsə harada, kiminlə yatıb-durması, neçə dəfə ərə getməsi və ya evlənməsi heç bir ictimai əhəmiyyəti olmayan xəbərlərdir. Qanunvericiliyin mənasına görə, insanın sağlamlıq vəziyyəti, ailəsinin tərkibi, intim və digər münasibətləri və s. haqqında olan məlumatlar onun şəxsi və ailə həyatının sirləri sayılır. Burada müğənni Nazənin Salayeva tərəfindən Təranə İbrahimovanın barəsində, ikincinin şəxsi həyatına dair məlumatların efirdə yayılması onun şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə bilər. Qeyd etməliyik ki, şəxsi və ailə həyatının sirri olan məlumatlar dedikdə, insanın xidməti və ya ictimai fəaliyyəti ilə əlaqədar olmayan, şəxsi həyatın və ya ailə həyatının sirrini təşkil edən elə məlumatlar başa düşülür ki, şəxs, şərəf və ləyaqəti alçaldan və ya ləkələyən olub-olmamasından asılı olmayaraq, onların kənar şəxslərə məlum olmasını istəmir. Qanunun mənasına görə, bu məlumatlara şəxsin sağlamlıq vəziyyəti, ailəsinin tərkibi, dostluq, intim və digər münasibətləri və s. haqqında olan məlumatlar aiddir. Bu halda T.İbrahimova barəsində yayılan məlumatların heç bir ictimai yükü, peşəkar əhəmiyyəti yoxdur, bu məlumat yalnız onu gözdən salmağa, şəxsi həyatını müzakirə etməyə səbəb olur. Əlbəttə, bu, o demək deyil ki, digər müğənni - T.İbrahimova onun şəxsi həyatına qanunsuz müdaxiləyə qarşı eyni metodla cavab verməyə haqlıdır. Əgər T.İbrahimova hesab edirdisə ki, Nazəninin dediyi onun hüququnu pozur, bu halda aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərdi. Lakin eyni metodlarla digərinin şəxsi həyatının müzakirəyə çıxarılması, yenə də qanunun tələblərinin pozulmasıdır." Hüquqşünas onu da vurğuladı ki, bu qarşılıqlı ittihamlara kompleks baxılmalıdır. "T.İbrahimovanın da qarşılıqlı iddia ərizəsi ilə Nazəninə qarşı məhkəməyə müraciət etmək hüququ var. Əlbəttə, əgər o, Nazəninin onun barəsində dediklərini özünə qarşı təhqir, şərəf və ləyaqətinin alçaldılması, şəxsi həyatına müdaxilə kimi qiymətləndirirsə...

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31