Belarusun xalq artistləri "7 gözəl" baletində çıxış edəcəklər
18 Noyabr 2014 18:40 MədəniyyətDekabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı balet truppasının ifasında Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşanın quruluşçu baletmeysteri baletmeysterlərin beynəlxalq müsabiqələrinin laureatı Yuri Puzakov, dirijoru Belorus Opera və Balet Teatrının dirijoru Andrey İvanovdur. Tamaşada əsas rollarda Belarusun xalq artisti, Dövlət mükafatı və balet artistlərinin beynəlxalq müsabiqələrin laureatı Olqa Qayko, xalq artisti Konstantin Kuznetsov, əməkdar artistlər, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları İqor Onoşko və Konstantin Qeronik çıxış edəcəklər.
Qeyd edək ki, "Yeddi gözəl" baleti 2013-cü ildə Belarus teatrında səhnəyə qoyulub və hazırda bu teatrın repertuarında möhkəm yer tutur.