“Qızıl Şlyager” səhnədə - 26 il
17 Noyabr 2014 11:47 Mədəniyyət"Artıq 17 noyabrdır və bu, o deməkdir ki, artıq səhnə fəaliyyətimin 26-cı ilini tamam edib, 27-cisinə qədəm basdım". Xalq artisti Faiq Ağayev "Facebook" ünvanında belə yazıb. "Bu illər ərzində ən böyük qazancım - təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür sənə, ya Rəbbim! Sonsuz minnətdarlıq, əziz azərbaycanlılarım! Məni bu mərtəbəyə layiq görən Vətənim, Xalqım - verdiyiniz dəyər ən böyük varlığımdır! Təşəkkür" - deyə F.Ağayev bildirib. O, peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qızıl payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. 1993-cü ildə Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" - Mogilyov - 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib. 1998-ci ildə Faiq Ağayev "İlin konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli mükafatını qazanır. 2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Faiq Ağayevə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilir. 2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" və "İlin konserti" nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur. Pərəstişkarları arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev 2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Azərbaycan musiqi tarixində rekord müddət müəyyən edir. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adı verilib.