Azərbaycanlı aktrisa: "Onu yaxın buraxmamağa çalışıram"
7 Noyabr 2014 12:17 MədəniyyətAktrisa Dəniz Tacəddinin Milli.Az-a müsahibəsi.
- Dəniz xanım, birdən-birə iki eyni rol - "Sənə inanıram" və "Toy gecəsi"ndə Səbinə obrazı ilə məşhurlaşdınız. Hər iki serialda da gəlin obrazını canlandırmısınız. Adların və rolların üst-üstə düşməsi təsadüf idi?
- Bəli, düşünülmüş bir addım deyildi. Sırf təsadüf nəticəsində belə oldu. Hər iki serialda mənə gəlin rolu həvalə olundu.
- Gəlindən söz düşmüşkən, gəlin köçməyi haçan planlaşdırırsınız?
- Hələ ki, bu barədə düşünmək çox tezdir. Hal-hazırda karyera mənim üçün hər şeydən önəmlidir. Həm də övlad tərbiyəsi atadan çox, ananın üzərinə düşür. Bu prosses ana üçün hətta körpə bətndə olarkən başlayır. Ananın gündəlik qidası, zəkası, biliyi birbaşa körpəyə də təsir edir. Bu baxımdan, mən indi daha çox biliyə yiyələnməyə, savadlanmağa can atıram ki, gələcəkdə övladlarım da sağlam düşüncə ilə böyüsünlər.
- Sevmirsiniz, yaxud da heç vaxt sevməmisiniz?
- Heç vaxt sevməmişəm. Etiraf edim ki, sevgi mənim üçün yad bir məfhumdur. Onu yaxına buraxmamağa çalışıram.
- Sizi "Səbinə" məşhurlaşdırdı desək, yanılmarıq ki?
- Məncə, düz demiş olarsınız (gülür).
- İctimai nəqliyyatda, yaxud da yolda sizi görəndə camaatın reaksiyası necə olur? Azdan-çoxdan tanıyırlar?
- Seriallara baxanlar tanıyırlar. Sözün düzü, mən bizim millətin yerli seriallara bu qədər baxdığını bilmirdim. Şükürlər olsun ki, indiyə qədər hamıdan yaxşı reaksiya görmüşəm. Bu sevindirici haldır.
- Bəs efirdən sizə baxıb sonradan eşq elan edənlərə rast gəlmisiniz?
- Olub ki, sosial şəbəkələrdə mənə yazıblar ki, biz sizi çox bəyənirik, çox sevirik və s. Amma mən elə şərait yaratmamışam ki, kimsə mənə eşq elan etsin (gülür). Özü də heç kimin qəlbini qırmamaq şərti ilə.
- Siz bu yaxınlarda Moskvada bədii filmə də çəkilmisiniz. Həmin çəkiliş heyəti ilə bizimkiləri müqayisə edərkən gözünüzə daha qabarıq çarpan fərq hansı oldu?
- Fərqlər kifayət qədər çoxdur. Ən azından, həmin heyətdə heç kim çəkiliş meydançasında başını aşağı salıb telefonla oynamırdı. Hamı qarışqa kimi işləyirdi. Heç kim bir dəqiqəni də boşa vermirdi.
- Əslində, bizim çəkiliş meydançalarında işin ləngiməsinə müəyyən səbəblər təsirsiz ötüşmür. Məsələn, aktyora verilə məvacibin azlığı, çəkilişin nəzərdə tutulan vaxtdan artıq davam etməsi və s. amillər aktyoru və aktrisanı da yorur...
- Razıyam. Belə hallar tez-tez baş verir. Nəticə etibarilə, keyfiyyət o qədər də yaxşı olmur.
- Sizə elə gəlmirmi ki, bu işdə haradasa aktrisaların da günahı var? Çünki hamı sözü bir yerə qoyub etiraz etsə, məncə, məsələ öz həllini qismən də olsa, tapar.
- Fikrinizlə tamamilə razıyam. Bizdə bu sahədə, demək olar ki, heç bir aktrisa, ya da aktyor öz haqqını tələb etmir. Bəlkə də bundan çəkinirlər. İşlərini itirməmək üçün susurlar. Onlara nə haqq qazandırmaq, nə də qınamaq olar.
- Bəs siz özünüz necə, haqqınız tapdananda səsinizi çıxartmısınız?
- Mən müqavilə ilə prodakşnın tərkibində çalışıram. Mənim bütün məsələlərimi menecerim həll edir. Xaricdə də belədir. Bu əslində peşəkarlığın bir göstəricisidir. O ki qaldı haqqımı tələb etməyə, bəli, ədalətsizlik olanda susub göz yuma bilmirəm.
- Hələ ömrünüzün 20-ci ilində olmağınıza baxmayaraq, bəzi aktrisalara nisbətdə müəyyən uğurlara imza atmısınız. Bu istedad nədən qaynaqlanır?
- Anam kinorejissordur. Uşaqlığım kinostudiyada, pavilyonlarda keçib. Əslində, aktrisa olmaq fikrim yox idi. Zaman keçdikcə tədricən bu sahəyə marağım artmağa başladı. Hələ on iki yaşımda ikən "Cavid ömrü" adlı sənədli filmə çəkildim. Daha sonra "Mürafiə vəkilləri" adlı teletamaşada rol adım. Ondan sonra isə bayaq adını çəkdiyiniz iki serialın iştirakçısı oldum. Bir də ayıldım ki, mən artıq aktrisayam (gülür).
- Teatr aktyoru filmdə asanlıqla çəkilə bilər, ancaq sırf kino aktyorunun tamaşada oynamağı asan məsələ deyil, deyillər. Teatrda işləmək fikriniz var?
- Sözün düzünü desəm, bir neçə teatrdan təklif almışam, amma hələ belə bir fikrim yoxdur. Gələcəkdə fikrimin dəyişib-dəyişməyəcəyini isə deyə bilmərəm.
- İndi televiziya tamaşaçılarının açıq-saçıq səhnələrə yönəlik fikirlərinin birmənalı olmadığı kimi, aktrisalar da bu suala müxtəlif cavablar verirlər. Siz də açıq-saçıq səhnələrin qəti surətdə əleyhinə olan aktrisalardansınız?
- Mənim fikrimcə, sizin nəzərdə tutduğunuz açıqlığa heç bir ehtiyac yoxdur. Şəxsən mən belə səhnələri qəbul edib çəkilmərəm. Çünki bizim tamaşaçı kütləsi ilə xarici millətlərin baxış tərzi eyni deyil. Xaricdə bu, adi hal kimi qəbul olunur. Bizdə isə sizin də dediyiniz kimi, birmənalı qarşılanmır.
- Bəs xaricdə yaşasanız necə, belə səhnələrdə rol almağa razılıq verərsiniz?
- Bu barədə indi heç nə deyə bilmərəm...