Almaniyada Azərbaycan Mədəniyyət Gecəsi
5 Noyabr 2014 13:26 MədəniyyətHeydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində Azərbaycan mədəniyyəti gecəsi keçirilib. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, "Düsseldorf Teatr Evi"ndə toplaşmış 800-ə yaxın qonaq Azərbaycan caz musiqini canlı olaraq izləyib. Tədbiri açan səfir Pərviz Şahbazov çıxışında deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Sonra səfir ölkəmizin zəngin musiqi mədəniyyəti, müxtəlif musiqi janrlarının inkişafı barədə məlumat verib, Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib. Azərbaycanın ümumi inkişafını konkret faktlarla diqqətə çatdıran diplomat, ölkəmizin coğrafi vəziyyətinə görə Avropa ilə Asiya arasında körpü, eləcə də Qərblə Şərq mədəniyyətlərini birləşdirən məkan olduğunu vurğulayıb. Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri - Berlin Humboldt Universitetində "Azərbaycan tarixi" kafedrasının müdiri professor Eva-Maria Auxun müəllifi olduğu "Azərbaycanda alman irsi" kitabı paylanılıb. Eyni zamanda, "Azərbaycanda alman izləri" fotosərgisi və "Almaniya bir rəssamın gözü ilə" adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib. Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın ictimai-siyasi və mədəniyyət dairələrinin, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.